...

AXCP-nin həbs olunmuş fəalları saxlanılma şəraitindən narazı deyillər

Cəmiyyət Materials 17 Mart 2014 17:13 (UTC +04:00)
Milli Preventiv Qrup (MPQ) tərəfindən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirilib.
AXCP-nin həbs olunmuş fəalları saxlanılma şəraitindən narazı deyillər

Azərbaycan, Bakı, 17 mart /Trend, müxbir İ.İzzət/

Milli Preventiv Qrup (MPQ) tərəfindən İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə başçəkmə həyata keçirilib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun üzvləri 15 mart 2014-cü il tarixdə Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə (İHOSM) başçəkmə həyata keçiriblər.

Başçəkmənin məqsədi saxlanılma şəraiti, rəftar və əvvəlki başçəkmələr zamanı verilmiş tövsiyələrin icra vəziyyətinin araşdırılması olub.

Müəssisədə əsaslı təmir işlərinin aparılması MPQ-nin üzvləri tərəfindən müsbət qiymətləndirilib.

Başçəkmə zamanı İHOSM-də saxlanılan şəxslərlə görüş keçirilib, onların saxlanılma şəraiti və qida ilə təmin olunması, göstərilən rəftar araşdırılıb, hüquqları və ombudsmanın səlahiyyətləri izah edilib. Saxlanılan şəxslər, o cümlədən Türkel Əlisoy, İlham Hüseyn, Bəhruz Həsənov, Ağaverdi Ruşanov və digərləri müəssisədəki saxlanılma şəraiti, rəftar və yeməklərin keyfiyyəti ilə bağlı şikayət etməyib, vəkilləri və ailə üzvləri ilə əlaqə saxladıqlarını, gündəlik qəzetləri aldıqlarını bildiriblər.

Habelə MPQ-nin üzvləri DİN-in məsul əməkdaşı və İHOSM-in rəhbərliyi ilə birgə bu müəssisədəki saxlanılma şəraitinin, bununla əlaqədar müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparıb, bir sıra təkliflər səsləndirilib.

Ombudsman başçəkmələrin nəticəsi, İHOSM-də saxlanılma şəraitinin və müvafiq qanunvericiliyin daha da təkmilləşdirilməsi ilə bağlı DİN-ə məktubla müraciət edəcək.

Qeyd edək ki, T.Əlisoy, İ.Hüseyn, B.Həsənov, A.Ruşanov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləridirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti