Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İ.İsabalayeva/
Son iki il yarımda Abşeron yarımadası və ətraf ərazilərdə əkilən zeytun ağaclarının əhatə etdiyi sahə ölkəmizin bütün tarixi boyunca Azərbaycanda salınan zeytunluqlardan çoxdur. Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov jurnalistlərə deyib.
Onun sözlərinə görə, Bakı ətrafında damcılı suvarma sistemi ilə zeytun, o cümlədən çox növ ağaclar əkilir. Bu sistemlə suvarma üçün 1 hektar əraziyə 4500 manat məbləğində vəsait xərclənir ki, bu da həddindən artıq azdır.
Bir hektar ərazidə 700-800 ağacın əkildiyini deyən H.Bağırovun sözlərinə görə, damcılı suvarma təkcə borulardan ibarət deyil. Bu sistemin nasosxanaları, təmizləyici filtirləri, su anbarları və s. olduğu üçün onların da saxlanmasına vəsait xərclənir.
Nazir deyib ki, ölkədə meşələrin qırılmasının qarşısının alınması üçün çox işlər görülüb: "Əfsuslar olsun ki, burada da iki problem var. Bunlar qazlaşdırma və odun ehtiyatı ilə bağlıdır. Bu problemlər tədricən aradan qaldırılır. Ancaq digər məsələ meşə idarələrinin yerlərdə müəyyən təsirlər altına düşməsidir".
H.Bağırov deyib ki, meşələrə təzyiqlər azalıb. Bununla yanaşı, hazırda boş olan yerlər meşələrlə örtülüb. Bunu müsbət tendensiya sayan nazirin sözlərinə görə, bütün dünyada meşələrin ərazisi azaldığı halda, meşələrə təzyiqin çox olduğu Azərbaycanda meşələrin ərazisi 0,4 faiz artıb.