...

Azərbaycanda 500 min hektar şoranlaşmış ərazi əkinə yararsızdır

Cəmiyyət Materials 18 Aprel 2014 12:12 (UTC +04:00)
Azərbaycanda 500 min hektar torpaqda şoranlaşma olduğundan orada bitki yetişdirmək mümkün deyil.
Azərbaycanda 500 min hektar şoranlaşmış ərazi əkinə yararsızdır

Azərbaycan, Bakı, 18 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda 500 min hektar torpaqda şoranlaşma olduğundan orada bitki yetişdirmək mümkün deyil. Trend xəbər verir ki, bunu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) sədri Qərib Məmmədov jurnalistlərə açıqlamasında deyib.

Komitə sədri qeyd edib ki, Azərbaycanda torpaq üçün təhlükəli xəstəlik hesab edilənlərdən biri də şoranlaşma, erroziyadır: "Bizim əsas kənd təsərrüfatı sahəmiz Kür-Araz ovalığıdır. Bura mənfi relyef səviyyəsinə aiddir. Burada qrunt sularının səviyyəsi qalxanda şoranlaşma baş verir və orada bitki əkmək mümkün olmur. Bunun qarşısını almaq üçün kollektor-drenaj sistemi işlənməlidir ki, qrunt suyunun səviyyəsi aşağı düşsün və kənd təsərrüfatı bitkilərinə ziyan dəyməsin. Bu da təxminən 500 min hektar ərazini əhatə edir. Bunlar zəif, orta, şiddətli dərəcədə şoranlaşma sahələridir".

Q.Məmmədov Azərbaycanda hərrac yolu ilə satışa çıxarılan bələdiyyə torpaqlarının satış qiymətlərinin hansı formada müəyyən edildiyini də açıqlayıb: "Azərbaycanda torpaq qiymətləndirilməsi 1998-ci ildə Nazirlər Kabinetinin verdiyi 158 və 53 saylı qərarlara əsasən həyata keçirilir. Yəni torpaqlar normativ qiymətlərə uyğun olaraq hesablanır. Normativ qiymətlər torpağın təbii bonitet balı və dinc, əkin, örüş əmsalları nəzərə alınmaqla hesablanır. Bələdiyyələr də bunları əsas götürərək normativ qiymətlərin aşağı olmaması şərtilə torpağa qiymətlər qoyur və ərazilərdə olan torpaqları satışa çıxarır".

Azərbaycanla Gürcüstan arasında aparılan sərhəd delimtasiyası və demarkasiyası məsələlərinə gəlincə, komitə sədri bildirib ki, bu məsələdə hələlik heç bir yenilik yoxdur. Bu günədək tərəflər arasında ekspertlər səviyyəsində danışıqlar gedib: "Hazırda biz Gürcüstan tərəfinin dəvətini gözləyirik. Diplomatik yolla dəvət olunandan sonra bu məsələyə baxılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti