Azərbaycanda yeni qolf meydançaları tikilir

Cəmiyyət Xəbər 29 Aprel 2014 17:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İ.İzzət/

Azərbaycanda bir neçə yeni qolf meydançası tikilir. Trend xəbər verir ki, bu barədə Azərbaycan Qolf Federasiyasında (AQF) keçirilən mətbuat konfransında məlumat verilib.

Jurnalistlərin suallarını cavablandıran AQF-nin vitse-prezidenti Azər Əlizadə deyib ki, hazırda ölkədə bir neçə qolf meydançasının tikintisi davam etdirilir: "Bakı ətrafında 9 dəlikli qolf meydançası hazırlanmaq üzrədir və onun artıq 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi planlaşdırılır. Binə qəsəbəsindəki qolf meydançasında isə tamamlanma işləri gedir. Bundan başqa, Qəbələdə və respublikanın digər regionlarda da qolf meydançaları tikilir".

AQF-nin baş katibi Nigar Süleymanova isə bildirib ki, Azərbaycanda qolfa maraq göstərənlər çoxdur: "Onlar əsasən gənclərdir və Azərbaycan milli komandasına daxil olmaq istəyirlər. Güman edirəm ki, 1 il ərzində ölkədə azərbaycanlı qolfçuların sayı artacaq".

Qolf üzrə komandamızın baş məşqçisi Spenser Henderson isə Azərbaycanda qolfçuların sayının yaxın gələcəkdə daha da artacağını güman etdiyini və onların Azərbaycanı beynəlxalq yarışlarda layiqincə təmsil edə biləcəklərini deyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti