Azərbaycan, Bakı, 12 may /Trend/
Bu gün gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə rəsmi səfərdə olan Fransaın qadın hüquqları, şəhər, gənclər və idman naziri xanım Najat Vallo-Belkasemi qəbul edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonağı salamlayan A.Rəhimov hazırda Azərbaycanda ilk dəfə keçirilən "Baku 2015" Avropa Olimpiya Oyunlarına güclü hazırlıq işlərinin getdiyini, yeni idman qurğularının tikildiyini, bir sıra idman obyektlərinin təmir edildiyini diqqətə çatdırıb: "Əminliklə deyə bilərəm ki, 2015-ci ildə ölkəmizə təşrif buyuracaq fransalı idmançılar Bakıdan ən xoş xatirələrlə ayrılacaqlar. Məlumat üçün bildirim ki, yarışlarda iştirak üçün 6 mindən çox idmançı Bakı şəhərinin qonağı olacaq".
A.Rəhimov, xüsusilə, Azərbaycan və Fransa arasında dostluq münasibətlərinin daim inkişaf etməsini yüksək qiymətləndirib. Nazir bildirib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ilə xanım Najat Vallo-Belkasemin mehriban dostluq münasibətləri hər iki ölkədə idman və gənclər sahəsində daim böyük layihələrin həyata keçirilməsinə təkan olur.
Daha sonra A.Rəhimov Gənclər və İdman Nazirliyinin tarixi, fəaliyyət istiqamətləri, gənclər və idman sahəsində dövlət tərəfindən qəbul olunmuş qanunlar haqqında söhbət açıb. O, bir neçə gündən sonra Bakıda keçiriləcək 95 ölkədən 1100-dən çox iştirakçının qatılacağı "Gənc alimlərin Forumu" haqqında da məlumat verib, Fransanın gənc alimlərini bu layihədə aktiv olmağa çağırıb.
Fransalı nazir, öz növbəsində, A.Rəhimova göstərdiyi xoş münasibət üçün təşəkkür edib. Nazir Bakıda 2015-ci ildə keçiriləcək Olimpiya Oyunları ilə maraqlandığını, idman sahəsində əməkdaşlığa daim hazır olduğunu bildirib. Qonaq, eyni zamanda, tikilməkdə olan Olimpiya mərkəzləri ilə tanış olmaqda maraqlı olduğunu diqqətə çatdırıb.