...

Vüqar Əliyev: İnternet mediası ənənəvi medianı üstələyib

Cəmiyyət Materials 27 May 2014 12:08 (UTC +04:00)
V. Əliyev bildirib ki, qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır.
Vüqar Əliyev: İnternet mediası ənənəvi medianı üstələyib

Azərbaycan, Bakı, 27 may /Trend, müxbir E.Mehdiyev/

"Virtual informasiya məkanının genişlənməsi bir tərəfdən hər bir ölkə və xalq üçün öz həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, vətəndaşın öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququnun reallaşması üçün əlverişli şərait yaradırsa, digər tərəfdən də milli informasiya mühitinin pozulmasına və nəticə etibarilə milli dəyərlər sisteminin mənfi təsirlərə məruz qalmasına, xarici dairələr tərəfindən yerli ictimai rəyin və siyasi proseslərin məqsədli şəkildə yönəldilməsinə və cəmiyyətin həyatına kənar müdaxilələrə yol açır". Trend-in məlumatına görə, bu barədə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev "Yeni media və yeni çağırışlar" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

V. Əliyev bildirib ki, qlobal informasiya mühitinin mənfi və müsbət təzahürləri həm də dövlətin informasiya siyasəti, cəmiyyətin informasiya təhlükəsizliyi məsələlərini aktuallaşdırır.

PA rəsmisi qeyd edib ki, Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında azad informasiya mühitinin formalaşdırılması və paralel şəkildə dövlətin informasiya siyasətinin və informasiya təhlükəsizliyinin əsaslarının yaradılması proseslərinə başlanıldı:

"Dövlətin informasiya siyasətinin əsas vəzifələri, istiqamətləri və onu həyata keçirəcək vasitələr müəyyən edildi. Sonrakı mərhələdə demokratik cəmiyyət quruculuğuna uyğun azad informasiya fəaliyyətinin hüquqi normativ bazası yaradıldı, söz və məlumat azadlığı təmin edildi, azad medianın inkişafına, onun iqtisadi və siyasi müstəqilliyinə, beynəlxalq rəqabətə davamlılığının artırılmasına hərtərəfli dəstək verildi. Nəticədə, qısa zamanda respublikada azad informasiya mühiti formalaşdı. Müstəqil media həm kəmiyyət, həm də keyfiyyət baxımından inkişaf etdi".

V. Əliyev qeyd edib ki, hazırda bu inkişaf prosesi həm də qlobal şəbəkənin Azərbaycan seqmentini əhatə edir.

PA rəsmisi əlavə edib ki, Azərbaycan informasiya və kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi, bu sahədə innovasiyaların tətbiqinin hərtərəfli stimullaşdırıldığı, azad və keyfiyyətli internetin mövcud olduğu bir ölkədir: "Bu gün ölkədə əhalinin artıq 70 faizinin internətə çıxışı mövcuddur, ölkədə yüzlərlə sayt və portal fəaliyyət göstərir. Sosial şəbəkələrdən istifadə edənlərin sayı artıq 2 milyona çatıb və "facebook" istifadəçiləri artıq 1,2 milyon nəfəri keçib. İnformasiya və kommunikasiya texnologiyaları sahəsində müasir standartların tətbiqi, milli peykin orbitə çıxarılması, internetin infrastrukturunun təkmiləşdirilməsi, ayrı-ayrı dövlət proqramlarının və milli fəaliyyət planlarının hazırlanması və həyata keçirilməsi nəticəsində dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması və digər tədbirlər həm də yeni medianın imkanlarını genişləndirib və onun hərtərəfli inkişafına xidmət edib".

V.Əliyev əlavə edib ki, bu gün reallıq ondan ibarətdir ki, internet media istər informasiyanın əldə edilməsi, istərsə də cəmiyyətə çatdırılmasında ənənəvi media ilə çox ciddi rəqabət aparır və bəzi parametrlərə görə hətta ənənəvi medianı üstələyib.

Onun sözlərinə görə, bu da faktdır ki, artıq Azərbaycan jurnalistikasının əhəmiyyətli hissəsi məhz internet mediada cəmləşmişdir:

"Bu reallıq yeni medianın həm cəmiyyətin informasiya təminatı, həm də informasiya təhlükəsizliyinin təmin edilməsində rolunu və çəkisini açıq nümayiş etdirir".

Sosial şəbəkələrin və vətəndaş jurnalistikasının nə dərəcədə etibarlı mühit olması və onun gələcəyi ilə bağlı məsələyə toxunan V.Əliyev bildirib ki, sosial şəbəkələr hər bir fərdə öz fikrini maneəsiz ifadə etmək imkanı yaratmaqla, həm də tam nəzarətsiz və məsuliyyət meyarının minimal tələblərə cavab vermədiyi bir məkandır:

"Bununla biz hamımız razılaşmalıyıq, çünki "facebook"da biz gündəlik həyatımızda peşəkar mediaya xas olmayan neqativ təzahürləri görürük. Bu mühitdə insanların təhqir olunması, yalan, böhtan adi hala çevrilmişdir. Problem də məhz ondan ibarətdir ki, vətəndaşlar barələrində gedən qeyri-obyektiv və ya alçaldıcı məlumatlara qarşı təsir göstərə bilmir. Bu fəaliyyət müxtəlif akkauntların, dublikatların yaradılması və orada təxribat xarakterli məlumatların yerləşdirilməsi kimi ən neqativ halları da əhatə edir. Facebook, Twitter, You tube və digər sosial şəbəkələr konkret ölkələrdə qeydiyyatdan keçmiş şirkətlərdir və həmin ölkələrin qanunverciliyi qarşısında məsuliyyət daşıyırlar. Bu hal bir daha təsdiq edir ki, virtual məkanda sosial şəbəkələrin fəaliyyəti nəticəsində ayrı-ayrı ölkələrin qanunvericiliyi beynəlxalaq qanunvericilikdən və milli qanunvericilikdən daha üstün mövqeyə sahib olmuşdur. Bu məntiqsizlik nə ilə və necə izah oluna bilər? Hesab edirəm ki, işğalçı Ermənistanla münaqişə vəziyyətində olan və mühüm və həssas geosiyasi və geostrateji məkanda yerləşən, müxətlif xarici qüvvələrin daim təsir göstərməyə imkan axtardığı bir ölkənin vətəndaşları olaraq biz bu suala düz cavab tapmalıyıq. Azərbaycanın dövlətçiliyi, milli maraqları bütün məsələlərin fövqündə duran başlıca şərtdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti