...

Azərbaycanda yaşı 4-dək olan oğlanların sayı qız uşaqlarından 10 faiz çoxalıb

Cəmiyyət Materials 7 İyul 2014 11:51 (UTC +04:00)
Azərbaycanda dünyaya gələn oğlan və qız uşaqlarının say nisbəti son 20 il ərzində normal göstərici səviyyəsindən (hər 100 nəfər qız uşağına 103-106 oğlan uşağı) 120-124 kimi yüksək səviyyəyə gəlib çatıb.
Azərbaycanda yaşı 4-dək olan oğlanların sayı qız uşaqlarından 10 faiz çoxalıb

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda dünyaya gələn oğlan və qız uşaqlarının say nisbəti son 20 il ərzində normal göstərici səviyyəsindən (hər 100 nəfər qız uşağına 103-106 oğlan uşağı) 120-124 kimi yüksək səviyyəyə gəlib çatıb.

Trend-in məlumatına görə, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Əhali Fondu tərəfindən 2012-ci ildə keçirilən və 2013-cü ildə nəticələri çap edilən "Azərbaycanda doğulan uşaqların cinsə görə nisbətinin pozulmasına zəmin yaradan mexanizmlər: keyfiyyət və kəmiyyət əsaslı tədqiqat"da öz əksini tapıb.

Tədqiqatda qeyd edilib ki, rəsmi statistikaya əsasən, 20 yaşdan aşağı əhali arasında qızların sayı oğlanlardan 110,000 nəfər azdır. Bununla yanaşı, 0-4 yaş arası qrupda oğlanlar qızlardan 10% çoxdur. Bir çox demoqraflar bu vəziyyəti oğlan uşaqlarına üstünlük verilməsinə güclü meyil nəticəsində dölün cinsinə görə selektiv abortların nəticəsi hesab edirlər.

Tədqiqatin nəticələrinin əks olunduğu hesabatda vurğulanıb ki, dünyaya gələn hər 100 nəfər qız uşağına düşən oğlan uşaqlarının sayı 106-dan çox olarsa, yeni doğulan uşaqların cinsinə görə bu cür nisbət oğlan uşaqlarına üstünlük verildiyini göstərir. Əksinə, 103-dən az olarsa, bu nisbət qız uşaqlarına üstünlük verildiyini göstərir. 1980-ci illərdən başlayaraq, demoqraflar Çin, Cənubi Koreya və Hindistan da daxil olmaqla, bir neçə Asiya ölkəsində dünyaya gələn uşaqların cinsinə görə nisbətinin yüksək olduğunu göstərib.

Azərbaycana gəldikdə, dünyaya gələn oğlan və qız uşaqlarının nisbəti 1980-ci illərə qədər əsas etibarilə gözlənilən bioloji səviyyədə idi. Əsasən reproduktiv sağlamlıq texnologiyalarının inkişafı və istifadəsinə başlanması nəticəsində 1990-cı ildə bu nisbət 107-yə, 2000-ci ildə 110-a, daha sonra 2010-cu ildə 117-yə qalxıb. Azərbaycan anadan olan uşaqların cinsinə görə ən yüksək nisbət göstəricisi baxımından Çindən sonra ikinci yeri tutub (BMT, 2011).

Ümumdünya Əhali Perspektivləri (2010 yeni nəşri, BMT, 2011) sənədinə görə, Azərbaycan dünyaya gələn uşaqların cinsinə görə nisbətinin pozulması göstəricilərinə görə dünyada ikinci yerdədir. Azərbaycan, Ermənistan və Gürcüstan 1990-cı illərdən bəri dünyaya gələn uşaqların cinsinə görə nisbətinin ən çox pozulduğu ölkələr sırasındadır.

Hesabatda qeyd edilib ki, müvafiq dövlət müdaxiləsi problemin həlli və Azərbaycanda təbii demoqrafik tarazlığa nail olunması üçün zəruridir.

Stimullaşdırıcı mexanizmlər nəsilverməni artıra bilər və beləliklə də dölün cinsinə görə selektiv abortların sayını və oğlan uşağına üstünlük verilməsini azalda bilər. Yüksək nəsilvermə ilə uşaq qayğı mexanizmlərini (uşaq, analıq və ailə imtiyazları, gündəlik uşaq xərclərinin ödənilməsi, analıq və atalıq məzuniyyətlərinin uzadılması və s.) təklif etmək faydalı ola bilər. Belə mexanizmlər valideynləri bəzi qayğılardan azad edə və uşaq böyütməkdə rast gəlinən, daha çox oğlan uşaqlarına üstünlük verilməsinə stimul verən problemləri həll edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti