...

Azərbaycanın qədim yaşayış yerində yeni tapıntılar əldə edilib (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2014 14:30 (UTC +04:00)
Şərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində yeni tapıntılar əldə edilib. Bu barədə Trend-ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Səfər Aşurov məlumat verib.
Azərbaycanın qədim yaşayış yerində yeni tapıntılar əldə edilib (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Şərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində yeni tapıntılar əldə edilib. Bu barədə Trend-ə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor müdiri Səfər Aşurov məlumat verib.

Onun sözlərinə görə, Şərur rayonu ərazisində yerləşən I Maxta qədim yaşayış yerində aparılan arxeoloji tədqiqatlar İlk Tunc dövrünün bir çox problemlərinin həllində mühüm əhəmiyyətə malik olan arxeoloji materialların əldə edilməsi ilə seçilir. Yaşayış yerinin 300 kvadratmetr sahəsi qazıntılara cəlb olunub. 2014-cü ildə qazıntılar mədəni təbəqənin təqribən 3 m-lik dərinliyində aparılır. Bu təbəqədə iki dairəvi tikilinin qalıqları aşkar edilib.

S.Aşurov bildirib ki, hər iki tikilinin daxilində dairəvi manqal təmizlənib: "Tikililərdən birinin daxilində 30-40 sm qalınlığında kül təbəqəsi müəyyən edilib. Bu fakt bir daha sübut edir ki, dairəvi tikililərin günbəzvari ağac örtükləri olub. Məhz bu ağac örtüklərin tez-tez yanğınlara məruz qalması nəticəsində yaşayış yerinin müxtəlif yerlərində kül təbəqələri toplanıb. Yaşayış yerindən əldə olunmuş nalşəkilli ocaq qurğuları və onların kiçik modelləri maraqlı antropomorf quruluşludur".

Alim qeyd edib ki, bu tapıntılar artıq İlk Tunc dövründə cəmiyyətdə ata xaqanlığının hakim rol oynadığını bir daha təsdiq edir: "Saxsı məmulatı müxtəlif rəngli cilalı və sadə qablardan ibarətdir. Bir ədəd saxsı parçasının üzərinə çəkilmiş qırmızı boya isə bu dövrdə qismən olsa da, boyalı qabların istehsal olunduğunu təsdiq edir. Daş alətlərin, xüsusən döyüm alətlərinin çoxluğu yaşayış yeri sakinlərinin əsas məşğuliyyətinin oturaq əkinçilik olduğunu göstərir. Yaşayış yerində hər bir tikili konkret funksiyanı yerinə yetirib. Dairəvi qazıntı sahələrindən birində təmizlənmiş evlərin daxilindən xüsusi əşyaların - tokinslərin tapılması təsdiq edir ki, artıq e.ə. IV minilliyin sonlarından başlayaraq İlk Tunc dövrünün cəmiyyətləri inzibati cəhətdən idarə olunub. Ön Asiyada e.ə. IV minilliyin sonlarınadək mübadilə zamanı istifadə olunan tokinslər sonrakı mərhələdə mixi yazılarla əvəz olunub. Tokinslərin İlk Tunc dövrü abidələrindən ilk dəfə olaraq I Maxtadan, həm də toplu halında aşkar olunması Azərbaycanda dövlətçilik ənənələrinin tarixinin daha qədim olduğunu - 5000 ildən artıq tarixə malik olduğunu təsdiq edir. Bəzi saxsı məmulatların, həmçinin antropomorf ocaq qurğularının əldə olunması təsdiq edir ki, I Maxta sakinlərinin Ön Asiyanın inkişaf etmiş cəmiyyətləri və Suriya-Fələstin istiqamətində yayılmış Kirbet-Kerak toplumları ilə sıx əlaqəsi olub. I Maxta qazıntıları Kür-Araz mədəniyyətinin yerli zəmində yarandığını təsdiq edir. Bu mədəniyyətin əsas yaranma ocağının isə məhz Naxçıvan ərazisinin olması faktlarla sübuta yetirilir. Yaşayış yerinin mədəni təbəqələrinin daha dərin qatlara doğru davam etdiyini nəzərə alsaq, abidənin tarixinin daha qədim - təqribən e.ə. IV minilliyin əvvəllərinə aid olduğunu söyləyə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti