Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
"Kapital Bank"ın fəaliyyətə başlamasının 140 illiyi münasibətilə tədbirlər davam etdirilir.
Cümə axşamı bankdan Trend-ə verilən məlumata görə, Respublika Talassemiya Mərkəzi ilə birgə Kapital Bankın Baş ofisində talassemiyalı körpələr üçün qanvermə aksiyası keçirilib. Aksiyada Kapital Bankın 100-dən artıq əməkdaşı iştirak edib.
Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev uşaqların sağlamlığı məsələsinin cəmiyyət üçün həssas mövzu olduğunu və Kapital Bankın bu məsələni daim diqqətdə saxladığını bildirib: "Kapital Bank talassemiyalı körpələrlə bağlı əvvəllər də bir sıra layihələr həyata keçirib. Talassemiyalı körpələrin müalicəsinə yardım məqsədilə Bank özünün xüsusi affinity kartlarını da buraxıb. Kapital Bankın 140 illiyi münasibətilə keçirdiyimiz qanvermə aksiyası da bu layihələrin davamıdır". R.Allahverdiyev aksiyaya qatılan bütün Kapital Bank əməkdaşlarına öz təşəkkürünü bildirib.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank 89 filialı və 8 şöbəsi ilə hər zaman müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 nömrəli Müştəri Xidmətinə və Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət etmək mümkündür.