İlk xəbər 9:30-da yayılıb
Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/
15 sentyabr - Bilik Günü ilə əlaqədar Bakının müxtəlif istiqamətlərində, əsasən də ali məktəblərin yaxınlığındakı yollarda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaşanır.
Hadisə şahidlərinin Trend-ə verdikləri məlumata görə, tıxaclarla əlaqədar bəzi marşrut avtobuslarının yolu da dəyişdirilib.
Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov isə Trend-ə bildirib ki, Bilik Günü ilə bağlı Bakıda bütün istiqamətlərdə avtomobillərin böyük sıxlığı müşahidə olunur: "Paytaxtın bütün istiqamətlərində yollarda zolaqlar üzrə avtomobillərin sıx cərgələnməsi müşahidə edilir. Xüsusilə təhsil müəssisələrinin yerləşdiyi küçə və prospektlərdə, o cümlədən Babək prospekti ilə şəhər istiqamətinə, Koroğlu Rəhimov küçəsindən metronun "Gənclik" stansiyası istiqamətinə, Azadlıq və İnşaatçılar prospektlərindən şəhərin mərkəzinə doğru, Bayıl qəsəbəsindən Azneft dairəsi istiqamətinə, Tbilisi prospektində, 20 Yanvar dairəsindən şəhərin mərkəzinə doğru, metronun "Koroğlu" stansiyasından şəhərə doğru Heydər Əliyev prospekti boyu, Parlament prospektində və s. yollarda nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur".
Bölmə rəisi, həmçinin qeyd edib ki, bütün istiqamətlər üzrə yol polisi əməkdaşları avtomobillərin hərəkətini tənzimləyir.
Onun sözlərinə görə, bu ana qədər avtomobillərə zərər dəyməsi ilə nəticələnən bir neçə yol qəzası olsa da, xoşbəxtlikdən insan xəsarətinin qeydə alındığı hər hansı hal baş verməyib.
XXX
Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə bildiriblər ki, hazırda paytaxtın Səməd Vurğun küçəsindəki Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) qarşısında, Əbdürrəhim bəy Haqverdiyev küçəsindəki 175 nömrəli məktəbin yanında, Babək və Azadlıq prospektlərindən şəhərin mərkəzinə doğru, Afiyəddin Cəlilov, 28 May, Hənifə Ələsgərova, Molla Pənah Vaqif küçələrində, Şeyx Şamil küçəsindəki 132 saylı məktəbin qarşısında, Abbasqulu ağa Bakıxanov küçəsində körpüdən Türkiyə səfirliyinədək, eləcə də Şah İsmayıl Xətai prospektində "Şərq bazarı" istiqamətindəki təhsil müəssisələrinin qarşısında böyük sıxlıq və tıxac müşahidə edilir.
Hazırda NİİM "Yaşıl dalğa" prinsipini tətbiq etməklə yollarda tıxacların aradan qaldırılmasına çalışır, yəni svetoforların işinə müdaxilə olunur, işıqların yanıb-sönmə vaxtında dəyişiklik edilməklə hərəkət tənzimlənir.