Azərbaycan, Bakı, 18 sentyabr /Trend/
Milli İncəsənət Muzeyində "Əsrin müqaviləsi"nin 20 illiyinə həsr edimiş istehsalat və mədəniyyət müsabiqələrinin yekunlarının elan olunması və qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə, Milli İncəsənət Muzeyində rəsm müsabiqəsi iştirakçılarının əsərlərindən təşkil edilmiş sərgi ilə tanış olmuşlar. Mərasimi açan ARDNŞ-nin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirakçıları salamlamış, onları "Əsrin müqaviləsi"nin imzalanmasının iyirminci ildönümü münasibəti ilə təbrik etmişdir. Qeyd olunmuşdur ki, hər il olduğu kimi, builki peşə bayramında da Şirkətin 2013-cü ildə müxtəlif peşələr üzrə istehsalatda uğur qazanmış əməkçiləri arasında ənənəvi baxış-müsabiqə keçirilmiş, qaliblər müəyyən olunmuşdur. Eyni zamanda "Əsrin müqaviləsi"nin 20 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən "Art energy 20" və "20 şanlı il" mövzusunda rəsm və mahnı müsabiqələri elan edilmişdir. "Art energy 20" müsabiqəsi 3 nominasiya, "20 şanlı il" müsabiqəsi isə 2 nominasiya üzrə keçirilmişdir. Hər iki müsabiqəyə maraq həddən artıq böyük olmuş, rəsm üzrə 143, musiqi üzrə 40 əsər qəbul edilmişdir.
Mərasimdə çıxış edən Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev "Əsrin müqaviləsi"nin imzalanmasının əhəmiyyətindən, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən işlənib hazırlanmış enerji strategiyasının uğurla həyata keçilməsi nəticəsində ölkəmizin qazandığı nailiyyətlərdən, Ulu öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında gerçəkləşdirilən qlobal enerji layihələrindən danışmış, bu müqavilənin Azərbaycan və region ölkələrinin inkişafı baxımından misilsiz əhəmiyyətindən söz açmışdır. ARDNŞ-nin Neftçilər günü münasibəti ilə bir-birindən maraqlı müxtəlif mədəniyyət layihələri həyata keçirdiyini qeyd edən Rövnəq Abdullayev bildirmişdir ki, müxtəlif peşələr üzrə Şirkətin ən qabaqcıl əməkdaşlarını müsabiqə yolu ilə müəyyən edilməsi, ən yaxşı geoloq, qazmaçı, neft-qaz hasilatçısı, emalçı, inşaatçı, nəqliyyat işçisi, kimyaçı və qaz təsərrüfatı işçisi nominasiyaları üzrə keçirilən baxış-müsabiqənin qaliblərinin mükafatlandırılması artıq ənənə halını almışdır. ARDNŞ-nin həyata keçirdiyi mədəni layihələrdən ətraflı söz açan Şirkət prezidenti qeyd etmişdir ki, bütün bu layihələr Azərbaycan neftçilərinin qədim neft tariximizə dərin hörmətini təcəssüm etdirir.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev çıxışında "Əsrin müqaviləsi"nin imzalanmasının iyirminci ildönümü münasibəti ilə Azərbaycan xalqını, o cümlədən qəhrəman neftçilər ordusunu təbrik etmiş, ARDNŞ-nin və onun əməksevər kollektivinin ölkə iqtisadiyyatının inkişafında oynadığı rolu yüksək qiymətləndirmişdir.
Sonra ARDNŞ-nin prezidenti cənab Rövnəq Abdullayev, Azərbaycan Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi "İlin ən yaxşısı" baxış-nominasiyası, habelə "Ən yaxşı rəngkarlıq əsəri", "Ən yaxşı kiçik həcmli heykəltəraşlıq əsəri", "Ən yaxşı vokal əsəri" və "Ən yaxşı insrtumental əsər" nominasiyalarının qaliblərinə mükafatları təqdim etmiş, onlara işlərində müvəffəqiyyətlər, yeni yaradıcılıq uğurları arzulamışlar. Mərasimdə "20 şanlı il" mahnı müsabiqəsinin "Ən yaxşı vokal əsəri" və "Ən yaxşı insrtumental əsər" nominasiyalarının qalibləri öz əsərlərini ifa etmişlə