Azərbaycan, Bakı, 20 sentyabr /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yermolayeviç Paskeviçlə görüşüb.
Trend-in məlumatına görə, ölkələr arasında münasibətlərin dinamik inkişafına toxunan nazir Əli Abbasov ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində rabitə və yüksək texnologiyalar istiqamətinin də xüsusi əhəmiyyət daşıdığını, bu sahədə qarşılıqlı marağın olduğunu önə çəkib.
Ölkələrimiz arasında bütün sahələrdə strateji və dostluq münasibətlərinin formalaşdığını qeyd edən səfir Nikolay Paskeviç rabitə və yüksək texnologiyalar sahəsində də mövcud əməkdaşlığın yüksək dəyərləndirildiyini nəzərə çatdırıb.
Azərbaycanın iqtisadi imkanlarının yüksək texnologiyalar sahəsini daha da inkişaf etdirməyə imkan verdiyini deyən diplomat bu sahədə Belarusun öz təcrübəsini paylaşmaqda, xüsusən ölkəsində fəaliyyət göstərən yüksək texnoparkların Azərbaycanın Yüksək Texnologiyalar Parkı ilə əməkdaşlıqda maraqlı olduğunu, eyni zamanda Belarus şirkətlərinin ölkəmizdə kosmik sənayenin inkişafında iştirak etmək niyyətində olduğunu bildirib.
Diplomat ölkəsini təmsil edən şirkətlərin cari ilin 2-5 dekabr tarixlərində keçiriləcək "Bakutel-2014"-ə qatılacaqlarını və burada öz məhsul və xidmətlərini nümayiş etdirəcəklərini də diqqətə çatdırıb.