...

Qaradağda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 9 Oktyabr 2014 15:39 (UTC +04:00)
Qaradağ rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib.
Qaradağda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir İlkin İzzət/

Qaradağ rayonunda ordu sıralarından tərxis olunmuş gənclərlə görüş keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən tərxis olunaraq ehtiyata keçirilmiş bir qrup hərbi vəzifəli ilə görüş keçirilib.

SHXÇDX-nin, Qaradağ Rayon İcra Hakimiyyətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları Lökbatan qəsəbəsindəki Heydər Əliyev parkında ümummilli liderin büstü önünə güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov gənclərin müqəddəs bir vəzifəni yerinə yetirərək ordu sıralarında Vətəni qoruduqlarını bildirib. Onlar bu müddətdə qazandıqları hərbi bilik və bacarıqlarla işğal olunmuş torpaqlarımızı hər an azad etməyə qadirdirlər. O, qeyd edib ki, hazırda qüdrətli və nizami orduya malik olmağımız da məhz ulu öndər Heydər Əliyevin zəngin əməyinin bəhrəsidir.

Milli Məclisin deputatı Mixail Zabelin Prezident, Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən söz açaraq, cəbhə bölgəsində düşmənlə üz-üzə dayanan hər bir gəncin mərdlik nümunəsi göstərdiyini vurğulayıb.

Dövlət Xidmətinin idarə rəisi polkovnik Rövşən Əlvəndov hərbi vətənpərvərlik tərbiyəsinin Prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında qoyulan bir nömrəli vəzifə olduğunu qeyd edib. O, ordu sıralarından tərxis olunan gənclərin qarşılanma mərasimində ictimaiyyət nümayəndələrinin fəal iştirakının vətənpərvərlik tərbiyəsi işinə böyük dəstək olduğunu, bu tədbirlərin bir ənənə halını alacağını bildirib.

SHXÇDX-nin Qaradağ Rayon İdarəsinin rəisi Novruz Rəhimov rayon ərazisindən hərbi xidmətə gedən gənclərin hər zaman yüksək əhvali-ruhiyyədə yola düşməsini onların Vətənə, dövlətə sadiq olmalarının göstəricisi kimi qiymətləndirib. Gənclərin Vətən qarşısında borclarının yerinə yetirməsinin təkcə hərbi xidmət keçməklə məhdudlaşmadığını deyən idarə rəisi bildirib ki, onlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş səfərbərlik tapşırığına əsasən ehtiyatda olan hərbi vəzifəli kimi tapşırıqların yerinə yetirilməsində də yaxından iştirak etməlidirlər.

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxışçılar ölkəmizdə ordu quruculuğunda qazanılan uğurlardan, Azərbaycan əsgərlərinin mərdlik və şücaətindən danışıblar.

Görüşdə iştirak edən ordudan tərxis olunmuş bir qrup gənc torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, ən vacib döyüş tapşırığını yerinə yetirməyə hər zaman hazır olduğunu bildirib.

Sonda Rayon İcra Hakimiyyəti tərəfindən gənclərə hədiyyələr, eləcə də SHXÇDX-nin Qaradağ Rayon İdarəsi tərəfindən hərbi biletlər, Rayon İcra Hakimiyyətinə və rayonun qabaqcıl orta məktəblərinə "Hər şey qələbə üçün!" adlı kitab hədiyyə olaraq təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti