...

Azərbaycanda 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək

Cəmiyyət Materials 28 Oktyabr 2014 14:00 (UTC +04:00)
Azərbaycanda 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək. Bu, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.
Azərbaycanda 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək

Azərbaycan, Bakı, 28 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda 5 yaşı tamam olmuş uşaqlara yeni fərdi identifikasiya kartı veriləcək. Bu, "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, layihə Milli Məclisə Prezident İlham Əliyev tərəfindən təqdim olunub. Onun sözlərinə görə, yeni layihəyə əsasən, vətəndaşa doğum haqqında şəhadətnamə ilə birlikdə verilən fərdi identifikasiya kartının müddəti azaldılıb: "Bu kartlar vətəndaşın 5 yaşı tamam olana kimi etibarlı olacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartı isə vətəndaşın 15 yaşı tamam olana kimi etibarlı sayılacaq. 5 yaşı tamam olmuş vətəndaşa verilən fərdi identifikasiya kartının üzərində bir sıra lazımi məlumatlardan əlavə, onun fotoşəkli də yerləşdiriləcək".

Dəyişikliklərə əsasən, fərdi identifikasiya kartının 5 yaşı tamam olmamış vətəndaşa 5 iş günü ərzində verilməsinə və ya dəyişdirilməsinə görə dövlət rüsumu ödənilməyəcək. 5 yaşı tamam olmuş vətəndaşa fərdi identifikasiya kartının verilməsinə və dəyişdirilməsinə görə, həmçinin bu kartın 3 və ya 1 iş günü müddətində verilməsinə və ya dəyişdirilməsinə görə "Dövlət rüsumu haqqında" qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınacaq. Kartın üzərindəki məlumatlarda səhv olduqda həmin kart müvafiq orqana daxil olduğu gündən 1 iş günü ərzində dövlət rüsumu alınmadan dəyişdiriləcək. Yeni layihəyə əsasən, fərdi identifikasiya kartına yerləşdirilən elektron daşıyıcıya (çip) vətəndaşın gözlərinin rəngi əlavə edilməyəcək.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti