...

"Toy şənliklərində istehlakçı hüquqlarının qorunması məsələsi ictimailəşdirilməlidir"

Cəmiyyət Materials 30 Oktyabr 2014 17:03 (UTC +04:00)
Son vaxtlarda toy şənliklərində istehlakçı hüquqlarının qorunması məsələsinin gündəmə gətirilməsi alqışlanmalıdır. Bu barədə Trend-ə “Sosial-İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.
"Toy şənliklərində istehlakçı hüquqlarının qorunması məsələsi ictimailəşdirilməlidir"

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Son vaxtlarda toy şənliklərində istehlakçı hüquqlarının qorunması məsələsinin gündəmə gətirilməsi alqışlanmalıdır. Bu barədə Trend-ə "Sosial-İqtisadi və Ekoloji İnkişaf" İctimai Birliyinin sədri Rahilə Mehdiyeva deyib.

Onun sözlərinə görə, xüsusən media, QHT, vətəndaş cəmiyyəti institutları bu sahədə öz sözünü deməlidir: "Çünki pozulan hüquqlar sizin, bizim, hamımızındır. Reallıqdır ki, bu gün şadlıq sarayları toy sahiblərinə xidmət və təklifləri diqtə edir. Bəzi şadlıq evlərində bir adam üçün 100-200 manat menyunun təklif edilməsi isə absurd görünür. Ancaq illərdir ki, bu proses dərinləşməkdə, toy menyuları isə "şişməkdə" davam edir. Bu sahədə demək olar ki, təklif etdiyi menyu bir-birinə yaxın, bəlkə də təxminən eyni olan şadlıq evlərində qiymətlərə etiraz edənə isə "get, başqa yer seç" deyirlər".

R.Mehdiyevanın fikrincə, bütün bunların qarşısının alınmasında əsas amillərdən biri ictimai fəallığın artırılmasıdır: "Əgər bu sahədə ictimai qınaq yarada bilsək, problemləri, necə deyərlər, ictimai səkildə həll edə bilərik. Daha bir vacib məsələ toy sahiblərinin "məmnuniyyətlə" pullarını sağa-sola xərcləməsidir. Unutmamaq lazımdır ki, dəbdəbəli toy mərasimlərinin keçirilməsi artıq israfçılıqdır, xoşbəxtliyə aparan yol deyil. Yaxşı olar ki, bu cür mərasimlərə xərclənən vəsaitlər sadə toy mərasimləri təşkil etmək imkanları olmayan gənclərin izdivaclarının rəsmiləşdirilməsinə yönəldilsin. Dəbdəbəli toy arzusunda olanlar şadlıq evlərində paralel olaraq imkanları aşağı olan gənclərin toyunu da təşkil edə, bunu öz toy mərasimlərində elan edə bilərlər. Bu daha savab, daha "reklamtutumlu" olardı".

O deyib ki, toy mərasimini necə və harada təşkil etmək, mal və xidmətləri seçmək isə isteklakçıların hüququdur: "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunda deyildiyi kimi, bizim - istehlakçıların malları və xidmətləri sərbəst seçmək, keyfiyyətli və təhlükəsiz mallar və xidmətlər almaq, almaq istədiyi mallar və xidmətlər barədə dolğun və düzgün məlumat əldə etmək hüquqları var. Hüquqlarımızı bilək və qoruyaq!"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti