Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir İlkin İzzət/
Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan Bin Səid Əl Mansurinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Trend-ə bildiriblər ki, K.Heydərov qonaqlara respublikada fövqəladə halların idarə olunması sahəsində görülən işlər və nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib.
Həmçinin, hər iki ölkədə təbii və texnogen xarakterli fəlakətlərin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə müvafiq qurumlar arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanın böyük iqtisadi inkişaf yolu keçdiyini diqqətə çatdıran Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ölkəsinin əlaqədar qurumlarının Azərbaycan FHN ilə daha sıx əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.