Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/
Təhsil Nazirliyinə noyabr ayında daxil olan müraciətlər daha çox təhsil sənədlərinin (diplomların) tanınması, müəllimlərin yerdəyişməsi və işə qəbulu, tələbələrin ali təhsil müəssisələrinə bərpası və köçürülməsi ilə bağlı olub.
Trend Təhsil Nazirliyinin saytına istinadən bildirir ki, nazirliyinin Telefon Məlumat Mərkəzinə ("Qaynar xətt" xidməti, telefon: 146) ötən ay 3858 zəng (2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,5 dəfə çox) və Kommutator xidmətinə 2800-ə yaxın zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzində isə 4140 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. 954 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada Təhsil Nazirliyinin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb. Vətəndaşların Qəbulu Mərkəzində 966 sənəd (419 ərizə, 515 məktub, 32 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.