...

"Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbirlər Xaçmazdan başladı (FOTO)

Cəmiyyət Materials 9 Dekabr 2014 17:00 (UTC +04:00)
Bu gün Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran və Xızı rayon İcra hakimiyyətlərinin birgə təşkil etdikləri “Vətənin müdafiəsinə hazıram!” mövzusunda kütləvi tədbir keçirilib.
"Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbirlər Xaçmazdan başladı (FOTO)

Azərbaycan, Bakı, 9 dekabr /Trend, müxbir İlkin İzzət/

Bu gün Xaçmaz rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) ilə Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran və Xızı rayon İcra hakimiyyətlərinin birgə təşkil etdikləri "Vətənin müdafiəsinə hazıram!" mövzusunda kütləvi tədbir keçirilib.

Trend-in məlumatına görə, Xaçmaz rayonunda Heydər Əliyev adına Mədəniyyət Mərkəzində keçirilən tədbirdə SHXÇDX-nin Xaçmaz, Şabran, Xızı, Siyəzən, Qusar və Quba rayon şöbə və bölmələrinin şəxsi heyəti, rayon İcra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak ediblər.

Tədbiri giriş sözü ilə Xaçmaz rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev açıb. O, ilk dəfə olaraq "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbirin Xaçmazda baş tutmasına şərait yaratdığı üçün SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimova təşəkkür edib.

Bu cür tədbirlərin regionlarda keçirilməsinin vacibliyindən danışan icra başçısı qeyd edib ki, müharibə şəraitində olan Azərbaycan dövlətinin gənclərinin vətənpərvər ruhda yetişməsi vacibdir: "Vətənpərvərlik ruhunun gənclərə aşılanması ilə bağlı ilk tədbirin Xaçmazda, ölkənin şimal bölgəsində keçirilməsinin də öz səbəbi var. Bura sərhəd bölgəsidir. Bu regionun hər bir gənci, vətəndaşı Vətənin müdafiəsinə hazır olmalıdır. Bu cür tədbirlərin keçirilməsinə göstərdiyi diqqətə görə cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, Xidmətin rəisi Arzu Rəhimova təşəkkür edirəm. Ümummilli lider Heydər Əliyevin qurduğu Azərbaycan Respublikası əmin əllərdədir".

Tədbirin davamında SHXÇDX rəisinin birinci müavini polkovnik Zaur Abdullayev çıxış edib. Gənclərin maarifləndirilməsi, vətənpərvər ruhda yetişdirilməsi baxımından bu cür tədbirlərin davamlı olaraq regionlarda keçirilməsinin vacibliyini diqqətə çatdıran Z.Abdullayev deyib ki, bu gün müstəqilliyin qorunub saxlanılması, ölkədə hökm sürən sabitlik və dinamik inkişaf hər kəsi mütəşəkkil olmağa, daha sıx birləşməyə sövq edir.

O, Prezident İlham Əliyev tərəfindən Xidmət qarşısında hərbi vətənpərvərlik təbliğatı sahəsində qoyulan vəzifələrin uğurla yerinə yetirildiyini söyləyib: "Hər bir insan vətən qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyət vətənimizin müdafiəsi, xalqımızın, millətimizin milli dəyərləri, milli maraqlarını qorumaq və öz vətəndaş borcunu dərk etməkdən ibarətdir. Fəxr hissi ilə qeyd edirəm ki, vətənimizin digər regionları kimi, şimal regionu da Azərbaycanın müstəqillik mübarizəsinə öz adını yazdırmış igid övladları ilə seçilir. Səfərbərlik Xidmətinin yaradıldığı gündən Ali Baş Komandan İlham Əliyev tərəfindən qarşısında qoyulan bir nömrəli vəzifə gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsidir. Xidmət bu mühüm tapşırığı uğurla yerinə yetirməkdədir".

Daha sonra polkovnik Z.Abdullayev tədbirin təşkilatçılığında göstəriyi dəstəyə görə icra başcısı Ş.Xanbabayevə Xidmət adından xatirə plaketi təqdim edib. O, həmçinin Quba, Siyəzən, Şabran və Xızı rayon İcra hakimiyyətlərinə də təşkilatçılıqda göstərdikləri dəstəyə görə xatirə plaketləri təqdim edib.

Tədbirdə iştirak edən Şabran rayonundan şəhid atası Sədulla Qasımov, Xızı rayonundan Qarabağ müharibəsi veteranı İnqilab İsgəndərov, Qusar rayonundan şəhid atası Dövlətxan Həsrətov, Siyəzən rayonundan şəhid atası Əzizbala Əsədov, Quba rayonundan şəhid anası Rəna Cəfərova, Xaçmaz rayonundan Milli Qəhrəman atası Əlibala Şahbazov polkovnik Z.Abdullayev tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərinə görə" mükafatı ilə təltif ediliblər.

Tədbirin gedişatında "Çağırışaqədərki hazırlıq" fənninin tədrisində səmərəli fəaliyyəti ilə fərqlənən hərbi rəhbərlər xidmətin idarə rəisi, polkovnik Rövşən Əlvəndov tərəfindən mükafatlandırılıblar.

Tədbirdə məktəblilər adından Xaçmaz rayonundan Novruz Musayev çıxış edib. Məktəblilərdən bir neçəsi "Çağırışaqədərki hazırlıq fənnində yüksək nailiyyətlərinə görə" mükafatı ilə təltif ediliblər.

Böyük maraqla qarşılanan tədbirin bədii hissəsində əzəmətli səs sahibi Şəmistan Əlizamanlı çıxış edib. Ş.Əlizamanlı ifa etdiyi "İgid əsgər", "Cənab leytenant", "Can Azərbaycan" və "Bil oğlum" mahnıları ilə tədbir iştirakçılarında böyük ruh yüksəkliyi yaradıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti