...

Hərbçilər şəhidlərimizi yad etdilər (FOTO)

Cəmiyyət Materials 20 Yanvar 2015 14:12 (UTC +04:00)
Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.
Hərbçilər şəhidlərimizi yad etdilər (FOTO)

Azərbaycan, Bakı, 20 yanvar /Trend, müxbir İlkin İzzət/

Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

Hərbi qulluqçular Vətənin azadlığı, müstəqilliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.

X X X

Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib. Əvvəlcə xalqımızın ümümmilli lideri Heydər Əliyevin və Qanlı Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.

Sonra hərbi məktəbin rəisi, birinci dərəcəli kapitan Əlimərdan Quliyev çıxış edərək vurğulayıb ki, Azərbaycan xalqının müstəqillik, demokratiya və azadlıq uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi təkcə itkilər, nisgillər və yaralarla deyil, xalqımızın qan yaddaşına qəhrəmanlıq səhifəsi kimi də həkk olundu. O, 20 Yanvar faciəsini törədən cinayətkarların ifşa olunmasında xalqımızın ümümmilli lideri Heydər Əliyevin rolundan, qanlı hadisələrin dünya ictimaiyyətinə çatdırılması istiqamətində aparılan işlərdən məlumat verdi.

Digər çıxış edənlər də 20 Yanvar qırğınının dəhşətlərindən bəhs ediblər.

Sonda 20 Yanvar faciəsinə dair film nümayiş olunub.

X X X

Bakı hərbi birliyində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.

Şəhidlər xiyabanını ziyarət etməklə başlanmış tədbir Sumqayıt şəhərində Qanlı Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önündə davam etdirilib.

Mərasimdə çıxış edən polkovnik Qiyas Abbasov vurğuladı ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur. Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin Qanlı Yanvarını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. O müdhiş gecə Azərbaycan xalqı sınağa çəkildi. Həm xalqın öz içində yetişdirdiyi qəhrəmanlar üzə çıxdı, həm də ona başçılıq edənlərin kimliyi bəlli oldu. Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

Digər çıxış edənlər də bildirdilər ki, qanlı hadisələrdən illər keçsə də xalqımız o müdhiş gecəni daim xatırlayır, faciəni törədənlərə isə dərin nifrətini bildirir.

Mərasim şəhid məzarlarının üzərinə gül dəstələrin qoyulması və Azərbaycan Dövlət himninin səsləndirilməsi ilə başa çatıb.

X X X

Bəşər tarixində insanlığa qarşı törədilən ən ağır cinayətlərdən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsi Hərbi Dəniz Qüvvələri tərəfindən də böyük ehtiramla anıldı. Qanlı Yanvar faciəsinin 25-ci il dönümünə həsr olunan anma mərasimin iştirakçıları əvvəlcə faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edənlər 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mücadiləsi tarixində oynadığı rol barədə fikirlərini bildiriblər.

Vurğulayıblar ki, həmin qanlı hadisələr, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini və məğrurluğunu nümayiş etdirən bir qəhrəmanlıq tarixidir. Qanlı Yanvar faciəsinə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə siyasi-hüquqi qiymətin verildiyini diqqətə çatdırıblar.

Sonda 20 Yanvar faciəsinə həsr edilmiş video təqdimatlar oldu və H.Aslanov adına Mərkəzi Zabitlər Evinin bədii kollektivinin ifaları səsləndi.

X X X

Əlahiddə Ümumqoşun Ordunun Mənəvi-Psixoloji Təminat Şöbəsi tərəfindən Sədərəkdə yerləşən bölmələrimizin birində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirqiyas Rüstəmov çıxış edərək bildirdi ki, 25 il əvvəl baş vermiş Qanlı Yanvar hadisələrini bu gün biz Milli Qürur günü kimi qeyd edirik. Çünki azadlığa gedən yolda şəhidlərimiz şanlı tarix yazdılar. Bu gün Azərbaycan müstəqildir. Onun Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçular əcdadlarının şanlı hərb ənənələrini şərəflə davam etdirərək vəzifələrinin öhdəsindən layiqincə gəlməyi bacarırlar.

Qeyd edildi ki, 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbirin Sədərəkdə yerləşən bölmələrimizdən birində keçirilməsinin rəmzi mənası vardır. 1990-cı ilin Qanlı Yanvar hadisələrindən iki gün əvvəl-yanvarın 18-də ermənilər qəflətən Naxçıvan Muxtar Respublikasının Sədərək kəndinə hücum etdilər və məhz onda ilk şəhidlərimizi verdik.

Digər çıxış edənlər də 20 Yanvar hadisələrinin ağrılı həqiqətləri barədə danışıb, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Qanlı Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verildiyini vurğulayıblar.

Sonda 20 Yanvar hadisələri ilə bağlı ədəbi-bədii kompozisiya təqdim olundu.

X X X

C.Naxçıvanski adına Hərbi Liseydə Qanlı Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar görüş keçirilib.

Görüşdə "Milli mədəniyyətin təbliği", "Mina qurbanları" və digər ictimai birliklərin rəhbərləri və üzvləri, "Vətən uğrunda" qəzetinin rəhbərliyi çıxış edərək Qanlı Yanvar faciəsinin Azərbaycan xalqının milli azadlıq hərəkatındakı yeri və rolu barədə məlumat verdilər.

"Milli Mədəniyyətin təbliği" İctimai Birliyi tərəfindən liseyin kitabxanasına "Qarabağ dinləmələri" adlı kitab hədiyyə olundu.

Sonda qonaqlar hərbi liseyin rəisi adından fəxri fərmanla təltif edildi.

X X X

Naxçıvan Qarnizonunun Zabitlər Evində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

Əlahiddə Ümumqoşun Ordunun zabitləri Mirqiyas Rüstəmov, Zaur Həmidov və Mənəvi-Psixoloji Təminat Şöbəsinin məsləhətçi-psixoloqu Nəriman Nəcəfov çıxış edərək Qanlı Yanvar hadisələrini bu gün Milli Qürur günü kimi qeyd edildiyindən danışdılar, bu faciəyə ilk siyasi qiymətin məhz ümummilli lider Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğuladılar.

Heydər Əliyev adına Hərbi Liseyin kursantları Vətəni tərənnnüm edən şeirlər səsləndirdilər.

Tədbirin sonunda şəxsi heyətə hərbi-vətənpərvərlik mövzusunda film təqdimolundu.

X X X

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı silsilə tədbirlər həyata keçirilir.

C.Naxçıvanski adına hərbi liseydə 20 yanvar faciəsinin ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə liseyin şəxsi heyəti sıra meydanında təşkil olunmuş təntənəli mərasimdə iştirak edib.

Sonra tədbir kursantların təqdimatında əbədi-bədii hissə ilə liseyin klubunda davam etdirilib.

Sonda 20 yanvar hadisələrindən bəhs edən videoçarxlar nümayiş olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti