...

Azərbaycanda alkoqollu içkilərin reklam qaydaları sərtləşdirilir

Cəmiyyət Materials 23 Yanvar 2015 16:03 (UTC +04:00)
Azərbaycanda alkoqollu içkilərin reklam edilməsi qaydaları müəyyənləşdirilib.
Azərbaycanda alkoqollu içkilərin reklam qaydaları sərtləşdirilir

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 23 yanvar /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda alkoqollu içkilərin reklam edilməsi qaydaları müəyyənləşdirilib.

Milli Məclisdən Trend-ə verilən məlumatına görə, parlamentin fevralın 2-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Reklam haqqında" yeni qanun layihəsində alkoqollu içkilərin reklamında bir sıra qadağalar müəyyən edilib.

Qanun layihəsinə əsasən, alkoqollu içkidən istifadə nəticəsində şəxsin ictimai nüfuz qazanacağı, peşədə, idmanda və ya digər sahələrdə şəxsi uğurlar əldə edəcəyi, fiziki və ya emosional durumu yaxşılaşdıracağı barədə rəyin formalaşdırılması qadağan edilir.

Bundan əlavə, yeni qanun layihəsi alkoqollu içkilərdən istifadənin ziyansız və ya insan sağlamlığı üçün xeyirli, müalicəvi xassələrə malik olması haqqında rəy yaratmağı qadağan edir. Həmçinin, alkoqollu içkilərdən istifadə olunması ilə bağlı yetkinlik yaşına çatmayanlara, qadınlara müraciət edilməsi, cəmiyyətdə populyar olan şəxslərin, kino və animasiya filmlərinin qəhrəmanlarının heyvanların təsvirlərindən istifadə edilməsi, alkoqollu içkilərdən istifadə olunma prosesinin nümayiş etdirilməsi qadağan olunur.

Qanun layihəsində, həmçinin bəzi reklam daşıyıcılarında alkoqollu içkilərin reklamı qadağan edilir. Belə ki, alkoqollu içkilərin reklamının dövri mətbu nəşrinin üz qabığında, birinci və axırıncı səhifəsində, qəzetlərin birinci və axırıncı səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video məhsullarda, telekommunikasiya qurğularında, o cümlədən internet şəbəkəsində yerləşdirilməsi qadağan edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti