Azərbaycan, Bakı, 2 fevral /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Tekirdağ vilayətində Xocalı soyqırımının 23 illiyi ilə əlaqədar aksiya keçiriləcək. Bu barədə Trend Türkiyənin "Trakyagazetesi" qəzetinə istinadən məlumat verir.
Məlumata əsasən, aksiya Tekirdağ bələdiyyəsi tərəfindən təşkil ediləcək.
Aksiya zamanı Xocalı faciəsini əks etdirən fotostendlər qurulacaq və iştirakçılara faciənin videogörüntüləri nümayiş olunacaq.
Məlumat üçün qeyd edək ki, Türkiyənin İzmit şəhərində Xocalı faciəsi qurbanlarının xatirəsinə abidə ucaldılacaq. İzmit bələdiyyə başçısı bildirib ki, Azərbaycanla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün bundan sonra da hər cür fəaliyyət göstərəcəklər.
Abidənin üzərində Xocalı faciəsi zamanı qətlə yetirilən insanların adları yazılacaq.