...

Binəqədi Rayon İcra Hakimiyyəti hesabat verdi (FOTO)

Cəmiyyət Materials 13 Fevral 2015 16:05 (UTC +04:00)
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
Binəqədi Rayon İcra Hakimiyyəti hesabat verdi (FOTO)

Azərbaycan, Bakı, 13 fevral /Trend/

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.

Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlunmata görə, tədbir Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkilləri Madər Musayev, Rəfael Cəbrayılov, Azərbaycan Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Yığıncaqda rayonda ötən il ərzində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş və dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirmişlər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, ümumiyyətlə Binəqədi Rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlamışdır.

Hesabat məruzəsi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl və ölkə maraqlarını əsas götürən siyasətin nəticəsi kimi bu yaxınlarda Davos Ümumdünya İqtisadi Forumunun hesablamalarına görə Azərbaycan iqtisadiyyatı dünya miqyasında rəqabət qabiliyyətliliyinə görə 38-ci yerdə qərarlaşdığını bildirməsi ölkəmizin inkişaf tempinin əyani göstəricisi olduğunu bildirmişdir.

X.İsgəndərov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə olunduğunu bildirmişdir. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi Prezident İlham Əliyevin ötən il ərzində Binəqədi rayonuna yeddi dəfə səfər etdiyi qeyd edilmişdir. Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşləri olmuş, o cümlədən yerlərdə səyyar qəbulları təşkil edilmiş, vətəndaşların müraciətləri, irad və təklifləri diqqətlə öyrənilərək onların icrası baxımından "Tədbirlər Planı" təsdiq olunmuş və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrası nəzarətdə saxlanılması məruzədə xüsusi vurğulanmışdır.

Hesabat dövründə milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanması, inkişaf və təbliğ etdirilməsi, tarixi hadisələrin, əlamətdar günlərin qeyd edilməsi, rayonda fəaliyyət göstərən ictimai təşkilatlar, təhsil, səhiyyə və mədəniyyət müəssisələri, siyasi partiyalar və dini qurumlarla qarşılıqlı münasibətlərin qurulması, onların fəaliyyətinin koordinasiyası prioritet istiqamətlərdən olduğu məruzədə qeyd edilmişdir.

Həmçinin hesabat məruzəsində RİH başçısı bildirdi ki, sənaye sahəsində keçən ilin müvafiq dövrünə nisbətən 12,4 faiz, nəqliyyat sektorunda 38,9%, rabitə sektorunda 1%, iaşə sektorunda isə 15,4% artım müşahidə edilmiş, istehlak bazarında və əhaliyə göstərilən pullu xidmətlərdə 2013-cü illə müqayisədə orta hesabla 20% artım qeydə alınmış, 2014-cü ilin 12 ayında Binəqədi rayonunda 5620 yeni iş yeri açılmışdır ki, bunun da hamısı daimi iş yerləridir, eləcə də əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2014-cü il ərzində 2814 ailəyə və ya 11356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilmiş, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə 4254 nəfər ünvanlı sosial yardım almışdır. 2014-cü il yanvar-dekabr aylarında Binəqədi rayonunda 4109 nəfərin doğumu və 1424 nəfərin ölümü qeydə alınmış, təbii artım isə 2685 nəfər təşkil etmişdir.

İl ərzində ölkə başçısının təşəbbüsü ilə 17 yanvar 2014-cü il tarixində yeni "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"ında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilmiş, 2014-cü ilin 2-ci rübündə əsaslı təmirə başlamış 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilmişdir. Xüsusi ilə də qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Binəqədi rayonununa səfər edərək 115 və 182 saylı tam orta məktəblərdə əsaslı təmir və tikinti işlərindən sonrakı vəziyyətlə tanış olmuşdur. 23 dekabr 2014-cü il tarixində keçirilmiş Bələdiyyə seçkiləri ölkənin hər yerində olduğu kimi, Binəqədi rayonunda da yüksək seçici fəallığı ilə müşahidə edilmişdir.

Məruzədə vurğulanmışdır ki, 2014-cü il ərzində Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatına vətəndaşlardan, ümumilikdə, 4719 müraciət daxil olmuşdur ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 1239 vahid və ya 20,4% azdır. Hesabat dövründə daxil olmuş vətəndaş müraciətlərindən 3608-i ərizə, 1106-sı şikayət, Məlumat üçün bildirirəm ki, daxil olmuş şikayətlər 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 71 vahid və ya 6% azdır. Daxil olmuş şikayətlərin azalma səbəbi kimi rayon sakinlərinin illərdən bəri yığılıb qalmış sosial problemlərinin həlli istiqamətində aparılan təxirəsalınmaz tədbirlərdir.

2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində 01.07.2014-cü il tarixdən "Təmiz Binəqədi" sosial layihəsinin uğurla həyata keçirilməsi məqsədilə təbliğat və maarifləndirmə işlərinin təşkili istiqamətində Aparatın şöbələri tərəfindən bir sıra zəruri əhəmiyyət kəsb edən mərhələli və ardıcıl tədbirlər keçirildiyi məruzədə qeyd edilmişdir.

Hesabat dövründə Rayon İcra Hakimiyyətləri tərəfindən vətəndaşlara göstərilən, o cümlədən elektron göstərilməsi nəzərdə tutulan xidmətlərin siyahısı dövlət reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunmuşdur. Binəqədi Rayon İcra Hakimiyyətinin vətəndaşlara göstərdiyi 16 təsnifat üzrə 21 xidmətin siyahısı aidiyyəti üzrə təqdim olunmuş və bu xidmətlərin elektron göstərilməsi üzrə işlər davam etdirilməkdə olduğu bildirilmişdir. Eləcə də, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının rəhbər şəxslərinin qəbuluna yazılmasının daha da asanlaşdırılması sahəsində bir sıra işlər görülmüş, Binəqədi RİH-in elektron saytında bu məqsədlə yeni bölmə yaradılaraq sakinlərin istifadəsinə verildiyi, yeni bölmənin tətbiqi ətraf və nisbətən uzaq qəsəbələrdə yaşayan vətəndaşların İcra Hakimiyyətinə gəlmədən Rayon İcra Hakimiyyəti rəhbərliyinin qəbuluna düşə bilməsinə, operativliyin və şəffaflığın yaradılmasına imkan yaratdığı məruzədə xüsusi qeyd edilmişdir.

Hesabat yığıncağında Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış etmişlər.

Şura iclasının qərar layihəsi və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra ötən il Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu ilə Binəqədi Rayon İcra Hakimiyyətinin birgə elan etdiyi "Binəqədi rayonunun sosial-iqtisadi inkişafı: real vəziyyət və perspektivlər" mövzusunda müsabiqəsi üzrə mükafatlandırma mərasimi olmuşdur. Müsabiqədə iştirak edənlərdən 6 nəfərə qalib mükafatları, 19 nəfərə isə həvəsləndirici mükafatlar təqdim edilmişdir.

Hesabat yığıncağına RİH başçısı Xaləddin İsgəndərov yekun vurmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti