...

Masallıda gənclərdə vətənpərvərlik hissinin artırılması məqsədilə kütləvi tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 6 Mart 2015 17:00 (UTC +04:00)
Masallıda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Masallıda gənclərdə vətənpərvərlik hissinin artırılması məqsədilə kütləvi tədbir keçirilib (FOTO)

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir İlkin İzzət/

Masallıda "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, martın 6-da Masallı rayonunda SHXÇDX-nin Masallı rayon İcra Hakimiyyəti ilə birgə təşkil etdiyi "Vətənin müdafiəsinə hazıram!" mövzusunda kütləvi tədbir keçirilib. Tədbirdə SHXÇDX-nin Masallı, Astara, Lənkəran, Yardımlı və Lerik şəhər və rayon şöbələrinin şəxsi heyəti, rayon icra hakimiyyətlərinin nümayəndələri, şəhid ailələri, müharibə veteranları, məktəblilər iştirak edib.

SHXÇDX rəisinin I müavini, general-mayor Zaur Abdullayev çıxış edərək tədbiri dəstəklədiklərinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirib. O qeyd edib ki, Xidmət gənclərin vətənpərvərlik hissinin tərbiyəsi və səfərbərliyə hazırlığı istiqamətində Ali Baş Komandan tərəfindən verilən tapşırığı yerinə yetirir: "Vətənpərvərlik hissinin yüksəldilməsi üçün silsilə tədbirlər respublikanın rayonlarında davam etdirilir. Vətən uğrunda canlarını fəda edən oğullar heç vaxt yaddan çıxarılmır. Bu gün ordu sıralarına göndərilən gənclər bizim mütəxəssis hazırlığı məktəblərinə cəlb olunurlar. Artıq onlar orduya gedəndə hazırlıqlı olurlar. Bu da vətənpərvərlik hissinin formalaşmasının mühüm bir hissəsidir. Ali Baş Komandanın dediyi kimi, vətənimizi sözdə yox, işdə qorumağa hazırıq. Hər bir şəhid bizim övladımızdır. Dövlət onların ailələrinə diqqəti əsirgəmir".

Xidmət tərəfindən həyata keçirilən silsilə tədbirlərin gənclərin milli ruhunun yüksəldilməsində, vətənpərvərlik hissinin təbliğində böyük rol oynadığı qeyd edildiyi tədbirdə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov "Vətənin müdafiəsinə hazıram!" tədbirinin artıq ənənə halını aldığını diqqətə çatdırıb: "Torpaqlarımızın işğalda olduğu bir vaxtda bu sözü deməyə ehtiyac yoxdur. Biz hamımız vətənin müdafiəsinə hazır olmalıyıq. Bu, böyükdən kiçiyə qədər hər bir vətən övladının borcudur. Bu gün Azərbaycan ordusu çox qüdrətlidir. Torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi altında tezliklə düşməndən azad olunacaq!"

Təhsil nazirinin müşaviri Ağababa İbrahimov isə çıxışında Xidmətin gənclərin vətənpərvərliyi istiqamətində gördüyü işləri dəyərləndirib: "Hərbi vətənpərvərlik mövzusu bütün dünyada dövlətin diqqətində olan məsələlərdəndir. Hər bir Azərbaycan vətəndaşı bu torpağa məhəbbətlə yanaşmalıdır. Azərbaycan torpağı müqəddəs torpaqdır".

O, gənclərə səslənərək onları təhsillərinə diqqət yetirməyə çağırıb: "Oxuyun. Nə qədər bilikli olsanız, o qədər qüvvətli olarsınız. Valideynlərinizə, müəllilmlərinizə sayğı göstərin. Qoy müəllimlər də vətəni uşaqlara sevdirməyi bacarsınlar".

Daha sonra general-mayor Zaur Abdullayev tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı rayon və şəhər İcra Hakimiyyətlərinə SHXÇDX adından xatirə plaketləri təqdim edib.

Tədbirdə şəhid, Milli Qəhrəman ailələri, çağırışaqədərki hazırlıq rəhbərləri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.

Tədbirin bədii hissəsində Azərbaycanın tanınmış hərbi diktoru və hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlı iştirakçılara öz repertuarından məşhur mahnılarını təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti