...

"Avstraliyada Azərbaycanı indi-indi tanımağa başlayıblar" (MÜSAHİBƏ) (FOTO)

Cəmiyyət Materials 14 Mart 2015 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycandan kənarda yaşayan həmvətənlərimizin müəyyən sahədə müsbət imic formalaşdırması ölkəmiz haqqında da pozitiv təsəvvürün yaranmasına öz töhvəsini verir. Bugünki müsahibimiz də uzun illər öncə Azərbaycandan köçməsinə və Vətəndən kifayət qədər uzaqda, Avstraliyada yaşamasına baxmayaraq, Azərbaycanın təbliği üçün çalışan və imkanlarını səfərbər edən nümunəvi soydaşlarımızdan biridir. Rzayeva Aydan Atif qızı.

- Aydan xanım, Vətənə xoş gəlmisiniz. İlk öncə sizi yaxından tanıyaq.

- Təşəkkür edirəm. Doğma Vətənimdə olmaq hər zaman həyacanlı və sevinclidir. Xoşbəxtəm ki, Bakıya - qayğısız uşaqlıq və ilk gənclik illərimin keçdiyi doğma şəhərə gəlmişəm. Harada olmasından asılı olmayaraq, hər birimizin qəlbində Vətənin, insanlarımızın yeri özəldir. Hər dəfə Bakıya gələndə "Küləklər şəhəri" sözün xoş mənasında məni təəccübləndirir. Dövlətimizin inkişafı, Vətənimizin günü-gündən çiçəklənməsi qürurvericidir və bizim üçün, xaricdə yaşayan azərbaycanlılar üçün baş ucalığıdır.

Özüm haqqında, adım Aydan Rzayevadır, 1969-cu ildə Bakı şəhərində anadan olmuşam. 1986-ci ildə Bakı şəhəri 6 saylı orta məktəbi bitirdikdən sonra indiki Azərbaycan Dillər Universitetinə daxil olmuşam. Təhsilimi müvəfəqqiyyətlə başa vurduqdan sonra ailə həyatı qurdum və Avstraliyaya köçdüm. Hazırda ailəmlə birgə Pers şəhərində yaşayıram və tikinti sektoru üzrə ixtisaslaşmış özəl şirkətin sahibiyəm.

- Övladlarınız barəsində nə deyə bilərsiniz? Ana Vətənləri haqqında məlumatlıdırlarmı?

- İki övladım var. Qızım tibb ixtisası üzrə təhsil alır. Oğlum isə orta məktəbdə oxuyur, eyni zamanda fəal şəkildə futbolla məşğuldur, məşqçilərin rəyinə görə, gələcəyi parlaqdır (gülür). Övladlarım Azərbaycanla çox yaxından tanışdırlar, ailədə Azərbaycan dilində danışmağa üstünlük veririk. Bu mənim şəxsi fikrimdir ki, ailədə vətənpərvərlik, təəssübkeşlik hisslərinin aşılanmasında valideynlərin üzərinə böyük məsuliyyət düşür. Övladlarıma tariximiz, mədəniyyətimiz, adət-ənənələrimiz haqqında danışıram. Hər zaman böyük maraqla dinləyirlər və Azərbaycanı yaşadırlar.

- Aydan xanım, Azərbaycandan xeyli uzaq ölkədə yaşayırsınız. Zənnimcə, Avstraliyada həmvətənlərimiz o qədər də çox deyil. Avstraliyada Azərbaycan haqqında bilgiləri varmı? Ölkəmizin təbliği baxımından nələri qeyd edə bilərsiniz?

- Avstraliyanın coğrafi mövqeyini nəzərə alaraq, deyə bilərəm ki, Avstraliyada Azərbaycanı indi-indi tanımağa başlayıblar. Azərbaycanın təbliği baxımından çalışıram ki, ordakı soydaşlarımızı bir yerə toplayım, həmrəy hərəkət edək. Azərbaycan haqqında ümumi məlumatın, beynəlxalq arenada uğurları, ölkəmizin üzləşdiyi problemlər barəsində təbliğat işlərinin görülməsinə ehtiyac var. Ermənistan-Azərbaycan münaqişəsi barəsində daha geniş təbliğat işlərinin aparılması zəruridir.

Avstraliyada Azərbaycan diasporunun təşkilatlanması üçün həmvətənlərimizlə tez-tez görüşlər təşkil edirəm və Azərbaycan üçün önəmli, prioritet olan məsələlər ətrafında fikir mübadiləsi aparırıq və atılacaq addımları qərarlaşdırırıq. Uzun müddət Avstraliyada yaşadığım üçün ölkənin daxili və xarici siyasəti, qanunvericiliyi, ölkədaxili prosedurlarla yaxından tanışam və bu bilgilərimi Avstraliyaya yeni köçmüş azərbaycanlılarla bölüşüb bacardığım qədər kömək etməyə, həmçinin həmvətənlərimizin diaspor cəmiyyətimizə qoşulmasına çalışıram.

- Avstraliyada erməni diasporunun fəaliyyəti və bu fəaliyyətin neytrallaşdırılması üçün nə kimi tədbirlər görülür?

- Digər ölkələrdə olduğu kimi, Avstraliyada da erməni diasporu güclü sütunlara, təsiretmə imkanlarına və şəbəkəyə malikdir. Erməni diasporu güclü təşkilatlanması ilə fərqlənir. Avstraliyada çoxsaylı erməni diaspor təşkilatları fəaliyyət göstərir. Bu təşkilatlardan ən nüfuzlusu və böyüyü Avstraliya Erməni Milli Komitəsidir, bu komitə özündə 36 budaq təşkilatı əhatə edir və 6 minə yaxın üzvü vardır. Komitənin əsas fəaliyyət istiqaməti qondarma "erməni soyqırımı"nın tanınması və qurama "Dağlıq Qarabağ Respublikası"nın təşviqinə nail olmaqdır.

Ermənilər dövlət və özəl sektorda da geniş təmsil olunurlar. Yalnız onu qeyd etmək kifayətdir ki, Avstraliyanın Yeni Cənubi Uels ştatının nəqliyyat naziri mənşəcə erməni olan Qladis Berejikliandır.

Təbii ki, güclü strukturlaşmış və Avstraliyanın ştatları böyunca şaxələnmiş və oturuşmuş erməni diasporunun anti-Azərbaycan fəaliyyətinə qarşı mübarizə aparmaq o qədər də asan deyil. Ermənilər Azərbaycan barəsində məlumatsızlıq boşluğundan istifadə edərək, yanlış, cəfəngiyyat və heç bir elmi əsası olmayan məlumatlar yayırlar. Yəni biz də Azərbaycanın təbliği yönündə 1:0 geridən başlamışıq. İnanıram ki, məqsədli və bir hədəfə yönəlmiş fəaliyyətimiz nəticəsində Vətənimizin daha çox tanınmasına nail ola biləcəyik.

Bu baxımdan Milli Məclisin tərkibində yaradılmış Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təsis edildiyini qeyd edə bilərəm. Xanlar Fətiyevin rəhbəri olduğu qrupa beş millət vəkili daxildir. Fürsətdən istifadə edərək, Xanlar Fətiyevə və işçi qrupun üzvü Çingiz Əsədullayevə, həmçinin Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası əməkdaşlıq Komitəsinin sədri Səməd Seyidova əməkdaşlıq üçün dərin təşəkkürümü bildirirəm.

Avstraliyada erməni təxribatının qarşısının alınmasında, həmçinin Avstraliya-Azərbaycan Türk Dostluq Qrupu ilə də yaxından əməkdaşlıq edirik.

- Avstraliyada erməni diasporunun güclü olduğunu bildirdiniz. Avstraliyanın bir sıra ştatlarında qondarma "erməni soyqırımı"nın tanınması erməni mətbuatı tərəfindən tez-tez işıqlandırılır. Səsvermə hüququ olan bir vətəndaş kimi bu kimi prosesləri izləmək, vaxtında müdaxilə etmək kimi imkanlarınız varmı?

- Öncəliklə onu qeyd edim ki, Avstraliyanın hansısa ştatının qanunverici orqanı tərəfindən qondarma "erməni soyqırımı"nın tanınması ermənilərin növbəti uydurmasıdır və tamamilə səhv bir informasiyadır. Ermənilərin təxribat xarakterli fəaliyyətlərindən əvvəlcədən xəbərdar olmaq üçün prosesləri daim nəzarətdə saxlayıram. Xüsusilə qeyd edim ki, Avstraliyada Azərbaycan Səfirliyinin təsisindən sonra bu kimi neqativ təxribat xarakterli halların qarşısının vaxtında alınması və çevik reaksiya göstərilməsi bir xeyli asanlaşmışdır. Azərbaycan Səfirliyi ilə bu istiqamətdə yaxından əməkdaşlıq edirik və mütəmadi əsasda müzakirələr, fikir mübadiləsi aparırıq. Avstraliyadakı səfirimiz Rövşən Cəmşidov bu istiqamətdə fəaliyyətimizi xüsusi ilə dəstəkləyir.

Onu da qeyd edim ki, hər bir azərbaycanlının ürək yarası olan, insanlığa qarşı törədilmiş ən amansız cinayət olan Xocalı faciəsi haqqında Avstraliya xarici işlər nazirinə məlumat xarakterli məktub ünvanladıq. Avstraliya xarici işlər naziri tərəfindən cavab məktubunun ünvanlanması bizim üçün böyük uğurdur. Məktubda Avstraliya hökumətinin Ermənistan-Azərbaycan münaqişəsi zamanı, xüsusuilə də Xocalı faciəsi zamanı azərbaycanlıların həlak olmasına kədər ifadə olunur. Bir məsələni diqqətə çatdırım ki, Avstraliya hökuməti tərəfindən Xocalı faciəsinin "qırğın" kimi qeyd edilməsi "Xocalıya ədalət" kampaniyası tərəfindən aparılan beynəlxalq miqyaslı fəaliyyətin uğurlu nəticəsidir.

Avstraliyanın xarici işlər naziri Culie Bişop tərəfindən göndərilmiş cavab məktubunda dövlətimizin mənafeyinə xidmət edən və maraqları ilə üst-üstə düşən bir sıra vacib məqamlar vardır. Belə ki, məktubda Avstraliyanın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən sabit mövqeyi bir daha təkrarlanır və Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış və idarə edilən qurama separatçı rejimi tanımadığı qeyd olunur. Həmçinin Avstraliya hökumətinin ATƏT-in Minsk Qrupunun mandatı ilə aparılan danışıqlar prosesini dəstəklədiyi bildirilir. Bayaq da qeyd etdiyim kimi, bu, bizim üçün böyük uğurdur və bundan sonra da bütün səylərimizi birləşdirib bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik.

Aydan xanım, müsahibəyə görə təşəkkür edirik və Azərbaycanın təbliği istiqamətində fəaliyyətinizdə sizə uğurlar arzulayırıq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti