Azərbaycan, Bakı, 17 mart/Trend, müxbir İlhamə İsabalayeva/
Avropa Şurası Parlament Assambleyasının Parisdə keçirilən komitə iclasında ölkəmiz üçün maraq kəsb edən məsələlər müzakirə ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, Milli Məclisin deputatı, Avropa Şurası Parlament Assambleyasındakı Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun Hüquqi işlər və insan haqları komitəsinin iclasında iştirak etmək üçün Paris şəhərinə səfər edib.
AŞPA komitəsinin yaz sessiyası ərəfəsindəki son yığıncağında "İnsan haqlarına hörmət və terrorizm təhlükəsi", "Məhkəmə sistemində korrupsiya: Assambleyanın irəli sürdüyü təkliflərin təcili olaraq yerinə yetirilməsi zəruriyyəti", "İnterpol sistemindən qeyri-qanuni istifadələr: daha ciddi hüquqi təminatlara olan ehtiyac" və başqa mühüm məsələlər ətrafında fikir mübadilələri aparılacaq.
Komitə iclasında müzakirə ediləcək məruzələrin bir qismi yaz sessiyasının gündəliyinə daxil ediləcək. Komitə iclası çərçivəsində terrorizmlə mübarizə məsələləri ilə əlaqədar dəvətli qonaqlar və ekspertlərin iştirakı ilə dinləmələr də təşkil ediləcək. Deputat Rafael Hüseynov komitə iclasının gündəliyindəki mövzularla bağlı diskussiyalara qatılacaq, məsələlərə Azərbaycan tərəfinin mövqeyini ifadə edəcəkdir.
Səfər mart ayının 20-də başa çatacaq.