İlk xəbər 12:40-da yayılıb
Azərbaycan, Bakı, 19 mart/Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının "StarMed" klinikasında əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
Onun sözlərinə görə, ölüm səbəbinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertiza təyin edilib. İş üzrə zəruri istintaq hərəkətləri aparılır.
Qeyd edək ki, dünən Trend-in yaydığı məlumata görə, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı martın 17-də özəl klinikalardan birində - "StarMed"də burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir. Mərhumun həkimi cərrah Sənan Mehdiyev olub.
Sənan Mehdiyevdən faktla bağlı münasibət öyrənmək cəhdlərimiz hələ ki, alınmayıb.
XXX
Trend "StarMed" klinikasında burnunu əməliyyat etdirmək istəyən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının ölümü ilə bağlı yeni faktlar əldə edib.
Əldə edilən məlumata görə, L.Mürsəlova ürək çatışmazlığından əziyyət çəkib. L.Mürsəlovanın valideynləri əməliyyatdan əvvəl qızlarının səhhətindəki bu problem barədə tibbi heyəti məlumatlandırıb. Buna baxmayaraq, qıza əməliyyat olunmaq üçün narkoz vurulub. Nəticədə də o, dünyasını dəyişib.
Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, ürək çatışmazlığı zamanı narkozdan ölüm halının baş vermə riski böyük ola bilər. Bunun baş verməməsi üçün də həkim-mütəxəssis seçim apararaq belə hallarda tətbiq edilən anesteziya metodunu müəyyənləşdirməlidir. Bu zaman xəstədə ürək çatışmazlığının ağırlıq və inkişaf dərəcəsi də nəzərə alınmalıdır.