...

Azərbaycanda əhali mədən hasilatında şəffaflıq mövzusunda maarifləndirilir (FOTO)

Cəmiyyət Materials 17 Aprel 2015 14:05 (UTC +04:00)

Azərbaycan, Neftçala, 17 aprel /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Neftçala rayonunda "Mədən hasilatında şəffaflıq təşəbbüsü nədir və onun haqqında nələri bilməliyik?" mövzusunda seminar keçirilib.

Trend-in məlumatına görə, Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası tərəfindən təşkil edilən seminarda Neftçala rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbiri giriş sözü ilə açan Koalisiyanın əlaqələndiricisi Əliməmməd Nuriyev mədən sənayesində şəffaflıq təşəbbüsünün yaranma tarixi və onun məqsədləri haqqında məlumat verib. O qeyd edib ki, mədən sənayesində şəffaflıq təşəbbüsü 2002-ci ilin sentyabr ayında Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilmiş Davamlı İnkişaf Naminə Dünya Sammitində Böyük Britaniyanın o zamankı Baş Naziri Toni Bleyr tərəfindən irəli sürülüb və məqsəd təbii ehtiyatlardan son dərəcə asılı ölkələrin mədən sənayesində ödəmələr və gəlirlər üzərində şəffaflığın artırılmasıdır.

Ə.Nuriyev vurğulayıb ki, Azərbaycan təbii sərvətlərlə zəngin bir ölkədir, "Əsrin müqaviləsi"ni imzalayıb və neftdən gəlirlər əldə etməyə başlayıb: "Bu baxımdan neft gəlirlərinin xərclənməsində şəffaflığın təmin edilməsi məqsədilə Prezident İlham Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan da bu təşəbbüsə qoşulub".

Azərbaycanın bu təşəbbüsə qoşulan ilk ölkələrdən olduğunu deyən Ə.Nuriyev qeyd edib ki, ölkədə bu təşəbbüsdə 30-dan artıq şirkət, o cümlədən vətəndaş cəmiyyətinin nümayəndələri geniş şəkildə təmsil olunur ki, bu da şəffaflığın təmin edilməsinə, cəmiyyəti bu barədə məlumatlandırmağa imkan verir.

Daha sonra çıxış edən Koalisiyanın Şura üzvü Taleh Əliyev məlumat verərək qeyd edib ki, Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. O bildirib ki, dövlət büdcəsində şəffaflığın təmin edilməsi sahəsində digər cəhdlərlə yanaşı MHŞT, həmçinin vətəndaşların hökumətlərindən büdcə gəlirlərinin istifadə edilməsinə dair açıqlama verməsinə nail olduğu bir prosesdir.

Onun sözlərinə görə, təşəbbüsün şirkətlər və sərmayəçilər üçün əhəmiyyəti isə siyasi və nüfuz risklərinin azalmasıdır. T.Əliyev bildirib ki, hökumətə edilən ödənişlər sahəsində də şəffaflığın təmin edilməsi şirkətlər tərəfindən ölkəyə qoyulan sərmayələrin verdiyi töhfəni göstərməyə kömək edir.

Tədbirdə çıxış edən Koalisiyanın Şura üzvü Mehriban Vəzir, Dövlət Neft Fondunun nümayəndəsi Abbas Abbasov da MHŞT haqqında seminar iştirakçılarına məlumat verib. Daha sonra iştirakçıların sualları cavablandırılıb.






Məqalədə:
Xəbər lenti

Xəbər lenti