...

Mikayıl Cabbarov: Bu il respublika fənn olimpiadalarının ilk mərhələsində iştirak edən şagirdlərin sayı 4 dəfə çoxdur

Cəmiyyət Materials 20 Aprel 2015 15:54 (UTC +04:00)
Bu il respublika fənn olimpiadalarının ilk mərhələsində iştirak edən şagirdlərin sayı ötən il olimpiadada iştirak etmiş şagirdlərin sayından 4 dəfə çoxdur.
Mikayıl Cabbarov: Bu il respublika fənn olimpiadalarının ilk mərhələsində iştirak edən şagirdlərin sayı 4 dəfə çoxdur

Azərbaycan, Bakı, 20 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Bu il respublika fənn olimpiadalarının ilk mərhələsində iştirak edən şagirdlərin sayı ötən il olimpiadada iştirak etmiş şagirdlərin sayından 4 dəfə çoxdur. Trend-in məlumatına görə, bunu Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov respublika fənn olimpiadalarının bağlanış mərasimində çıxış edərkən deyib.

M.Cabbarov bildirib ki, bu il olimpiadaların ilk mərhələsində 22 min şagird iştirak edib. Fənn olimpiadalarının final mərhələsində Azərbaycanın 58 müxtəlif şəhər və rayon məktəblərindən 450 şagird iştirak edib. Bu il fənn olimpiadalarının keçirilməsi bir sıra yeniliklərlə müşayiət olunub. İlk dəfə olaraq üç mərhələdə keçirilmiş fənn olimpiadalarının I - rayon (şəhər) mərhələsində 8 fənn üzrə 22 min şagird iştirak edib. 3700 şagirdin iştirakı ilə ilk dəfə olaraq bu ildən yarımfinal mərhələsi Bakı, Sumqayıt, Gəncə, Şirvan, Şəki, Mingəçevir, Lənkəran, Şamaxı, Ağdaş, Xaçmaz və Naxçıvanda yerləşən 11 mərkəzdə təşkil olunub. Final mərhələsində iştirak edən şagirdlərdən 240 nəfərin mükafatçılar sırasına daxil olduğunu nəzərə çatdıran nazir qaliblər arasından beynəlxalq fənn olimpiadalarında iştirak edəcək namizədlərin seçiləcəyinə diqqət çəkib.

Təhsil naziri qeyd edib ki, olimpiadaların qalibləri ölkənin 23 bölgəsini təmsil edir. Bu da Azərbaycanın bütün bölgələrində istedadlı gənclətin aşkarlanması üçün şəraitin olduğunu göstərir.

Bu il respublika fənn olimpiadalarının keçirilməsi qaydalarına inqalabi dəyişikliklər edildiyini xatırladan M.Cabbarov qeyd edib ki, respublika fənn olimpiadalarında bu il ilk dəfə olaraq iştirakçılar arasından hər fənn üzrə "birincilərin birincisi" nominasiyası üzrə qalib müəyyənləşdirilib və olimpiada fənləri sırasına coğrafiya da əlavə olunub. Әvvəlki illərdən fərqli olaraq, bu il yoxlamada şəffaflığı və ədalətli qiymətləndirməni təmin etmək üçün olimpiada sualları ilkin mərhələdə açıq şəkildə deyil, test sınağı formasında tətbiq olunub.

M.Cabbarov ümumi təhsil məktəblərinin şagirdləri arasında respublika fənn olimpiadalarının keçirilməsini onların müxtəlif fənlərə marağının artırılması, istedadlı məktəblilərin aşkara çıxarılması baxımından yüksək dəyərləndirib.

Nazir "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın istedadlı uşaqların inkişafına yönəlmiş bir sıra mühüm hədəfləri özündə əks etdirdiyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti