...

Elmin İnkişafı Fondunun müsabiqələrinin qalib layihələri elan edilib

Cəmiyyət Materials 14 May 2015 11:56 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Universitet qrantı” və “Sənaye qrantı” məqsədli müsabiqələrinin qalib layihələri elan edilib.
Elmin İnkişafı Fondunun müsabiqələrinin qalib layihələri elan edilib

Azərbaycan, Bakı, 14 may /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun (EİF) "Universitet qrantı" və "Sənaye qrantı" məqsədli müsabiqələrinin qalib layihələri elan edilib.

Trend-in məlumatına görə, Fondun icracı direktoru Elçin Babayev bununla bağlı bu gün keçirilən tədbirdə bildirib ki, EİF-in keçirdiyi qrant müsabiqələrində Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA), ali təhsil müəssisələrindən, nazirliklərin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutlarından, dövlət qurumlarından, qeyri-hökumət təşkilatlarından, elm ilə əlaqəli digər qurumlardan alim və mütəxəssislər qrupu, həmçinin fərdi şəkildə alimlər (fiziki şəxslər) bərabər əsaslarla və şəffaflıq şəraitində iştirak edirlər. Bu qurumları təmsil edən alim və mütəxəssislərdən təşkil edilmiş müvəqqəti yaradıcı kollektivlərin təqdim etdikləri qrant layihələrinə isə müsabiqələr zamanı üstünlük verilir.

Təhsil müəssisələri EİF-nin qrant müsabiqələrində kifayət qədər fəal iştirak edirlər. 2010-2014-cü illərdə Fond tərəfindən təşkil edilərək keçirilmiş 17 müxtəlif xarakterli müsabiqənin nəticələrinin statistik analizi göstərir ki, 315 qalib qrant layihəsinin 94-nün (ümumi sayın 29.84%-ni, onlara ayrılan maliyyə həcmi isə ümumi maliyyələşdirilmənin 14.22%-ni təşkil edir) rəhbərləri 19 təhsil müəssisəsini (14 universitet, 4 təhsil akademiyası və 1 lisey olmaqla) təmsil edirlər. Adıçəkilən 315 layihə üzrə rəhbər və icraçıların ümumi sayının 21.5%-i ali təhsil qurumlarına aiddir.

Elmi tədqiqatların qrantlar yolu ilə maliyyələşdirilməsinin effektivliyi nəzərə alınmaqla, EİF-nin Himayədarlar Şurası və Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla, bir sıra ali təhsil müəssisələrində elmi-tədqiqat işlərinin aparılması üçün büdcədə nəzərdə tutulmuş maliyyə vəsaitinin qrantlar şəklində həmin qurumlara ünvanlanması nəzərdə tutulub və 2014-cü il noyabrın 3-də ilk dəfə olaraq "Universitet qrantı" müsabiqəsi elan edilib. Bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 910 min manat nəzərdə tutulub.

E.Babayev deyib ki, müsabiqəyə 37 layihə daxil olub, layihələrin texniki və elmi ekspertizası işi təşkil olunub, ekspertiza işinə EİF-nin daimi ekspertləri və müstəqil elmi ekspertlər cəlb olunub. Nəticələr EİF-nin Himayədarlar Şurasında ciddi müzakirələrdən keçib, ümumi maliyyələşdirilmə həcmi 890 min manat olmaqla 11 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Dövlət Neft Akademiyası (4 layihə), Azərbaycan Tibb Universiteti (3), Azərbaycan Dövlət Aqrar Universiteti (2), Azərbaycan Dövlət İqtisad Universiteti (1) və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (1) yerinə yetiriləcək. Layihələr 12, 18 və 24 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə ali təhsil müəssisələrində çalışan yüksək səviyyəli 68 alim və mütəxəssis məşğul olacaq. Layihə rəhbərlərindən 1 nəfəri qadındır, 2 layihə isə Gəncə şəhərində yerinə yetiriləcək.

E.Babayevin sözlərinə görə, "Sənaye qrantı" müsabiqəsi Fond tərəfindən 2014-cü il oktyabrın 27-də elan edilib və bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin cəmi həcmi 500 min manat nəzərdə tutulub. Müsabiqə elmi prioritetlər əsasında keçirilib (sənayenin elmi-nəzəri və texnoloji problemləri; sənayenin modernləşdirilməsi, infrastruktur təminatının yaxşılaşdırılması və qeyri-neft sənayesinin şaxələndirilməsi problemləri; ölkə sənayesinin innovasiya və investisiya potensialının yüksəldilməsi, innovativ texnologiyaların tətbiqi imkanları və innovasiyalar əsasında inkişafı təmin edəcək imkanların formalaşdırılması, ölkə sənayesinə daxili və xarici investisiyaların cəlb edilməsi problemləri və s.).

Müsabiqəyə 38 layihə daxil olub. Ümumi maliyyələşdiilmə həcmi 480 min manat olmaqla 6 qalib layihə müəyyənləşdirilib. Qrant layihələri Azərbaycan Memarlıq və İnşaat Universitetində (1), AMEA Aşqarlar Kimyası institutunda (1), AMEA Kataliz və Qeyri-üzvi Kimya institutunda (2), AMEA Təcrübə-Sənaye zavodunda (1) və AMEA Neft-Kimya Prosesləri institutunda (1) yerinə yetiriləcək. Layihələr 12 ay olmaqla icra ediləcək və bu layihələrin icrası ilə 37 alim və mütəxəssis məşğul olacaq. Layihə rəhbərlərindən 1 nəfəri qadındır. Bir sıra layihələr digər qurumlar ilə (AMEA Geologiya və Geofizika institutu, "İSRA-Group" MMC) birlikdə yerinə yetriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti