Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının bəzi institutlarında mənəvi mühiti dəyişmək lazımdır.
Trend-in məlumatına görə, bunu AMEA Azad Həmkarlar İttifaqının 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə çıxış edən Akademiyanın prezidenti, akademik Akif Әlizadə deyib.
Onun sözlərinə görə, əsasən humanitar-ictimai yönümlü institutlarda mənəvi mühiti dəyişərək işgüzar şərait yaratmaq lazımdır: "Son illərdə Akademiyada bəzi elmi tədqiqat sahələrində zəiflik yaranmış, durğunluq əmələ gəlmişdi. Ona görə də əsas məsələ mənəvi mühitin dəyişməsidir".
Artıq bu ildən başlayaraq, AMEA sistemindəki institutlara büdcə vəsaitinin onların təqdim etdiyi xüsusi proqramlar əsasında ayrıldığını deyən A.Әlizadə qeyd edib ki, institutlar özləri də maliyyə mənbələrinin genişləndirilməsi üçün çalışmalı, innovativ layihələr həyata keçirməlidirlər.
Akademiya prezidenti bildirib ki, innovativ layihələr nə qədər çox həyata keçirilsə, səmərəli nəticələr də bir o qədər çox olar.
A.Әlizadə son illərdə kimyaçı alimlər tərəfindən innovativ layihələrin daha çox həyata keçirildiyini nəzərə çatdırıb.