...

Ən zərərsiz siqaret çəkilməyənidir

Cəmiyyət Materials 8 İyun 2015 16:04 (UTC +04:00)

Bəxtiyar Hacıyev - Trend:

Bu yaxınlarda avtobusda yerimi dəyişməyə, daha doğrusu, oturduğum yerdən qalxıb ayaqüstə dayanmağa məcbur oldum. Buna səbəb növbəti dayanacaqlardan birində avtobusa minib düz yanımda oturan cavan oğlan oldu. Yanımda əyləşməsi ilə qatranın qoxusunun üzümü yalamağı bir oldu. "İllərin təcrübəsi"ndən belə aydın oldu ki, dayanacaqda avtobus gözləyərkən siqaret çəkirmiş, çünki qatranın iyi qəttəzə idi.

Üz-gözümü turşudub, bir az da sərt formada ayağa qalxdım. Məqsədim məhz bu siqaret qoxusuna hətta onun anlayacağı qədər açıq-aydın etiraz idi. Çifayda. Qəfil düşündüm: ey dili-qafil, illərdir siqaret çəkən, hər dayanacaqda bəzən lap iki siqaret çəkən mən, necə oldu ki, indi belə dözümsüz oldum? Demək, mən də illərlə neçə-neçə insanı beləcə narahat etmişəm. Fəqət qatranın qoxusu bütün canıma, əlbisəmə hopduğundan bunu hiss etməmişəm. Hətta siqaret çəkənlərə irad tutanlara, tənbeh edənlərə "əh" deyib keçmişəm...

Artıq bəşəriyyətin qəniminə çevrilmiş bu bəladan qurtulmağın - siqareti tərgitməyin vaxtı çatıb. Səmimi olaq: ona görə yox ki, camaatı ölüm tüstüsü ilə narahat edirik - əfsus ki, ətrafımızdakıları düşünən deyilik... - ona görə ki, bu, canımıza ziyandır, düşündüyümüzdən də artıq.

Faktlara göz gəzdirirəm. Tanış olduqca bəzilərini bölüşürəm:

- Siqaret tüstüsündə 4 minə yaxın kimyəvi maddənin olduğu müəyyənləşdirilib və bu maddələrin hər birinin insan orqanizminə yalnız ziyanı var. Bunlardan ən zərərlisi isə bizə yaxşı tanış olan nikotin, qatran, karbon monoksid və kanserogendir. Sonuncusu xərçəng yaradan maddədir.

- Nikotindən heç tibbi məqsədlər üçün də istifadə olunmur və ən zəhərli maddələrdən biri olan sianitlə müqayisə edilir.

- Siqaret çəkənlərin ürəyi daha sürətlə döyünür və bunun nəticəsində qan təzyiqi yüksəlir.

- Bir çoxlarının düşündüyünün əksinə olaraq, siqaret heç də sakitləşdirici vasitə deyil. Nikotin insan orqanizmini yormaqla, vaxtından tez qocaltmaqla "məşğuldur".

- Qadın orqanizmi siqaretin mənfi təsirlərinə kişilərinkindən daha həssasdır.

- Siqaret çəkmək iştahanı pozur, həzm prosesini çətinləşdirir; dişləri saraldır; mədə yarasına, dodaq, dil, qida borusu və ağciyər xərçəngi kimi ağır xəstəliklərin yaranmasına səbəb olur; dadbilməni zəiflədir; öskürdür, bəlğəm gətirir, xroniki bronxitə gətirib çıxarır; damarlarda kirəclənmə yaratdığı üçün hafizəni zəiflədir; dəridə vaxtından əvvəl qırışlar yaradır və s. və i.a...

Gündə orta hesabla bir qutu siqaretə 1.50 manat xərcləndiyini nəzərə alsaq, bu, bir aya təqribən 50 manat deməkdir. 50-ni isə 12-yə vursaq 600 edir - bir ilə 600 manat. Etiraf edək ki, bu məbləğ yayda istirahət etmək üçün turpaketə xərclənən vəsaitin ən azı 70 faizidir.

Siqareti tərgitmək üçün müalicəyə, tənəyə, qorxunc statistikaya da gərək yoxdur. Sadəcə düşünün: axı bu canı ikinci dəfə əldə edə bilməyəcəyik və bir dəfə zədələndisə, çətin ki, əvvəlki kimi saz ola... Və unutmayaq ki, sağlam can Tanrının bizə qarşılıqsız verdiyi ən böyük nemətdir, əmanətdir. Bu nemətin qədrini bilək, əmanətə xəyanət etməyək...

Və əmin olun ki, siqareti tərgitməklə gül qoxulu nəfəsinizdən elə birinci növbədə özünüz həzz alacaqsınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti