...

BDU-nun "NoObs" komandası "Microsoft Imagine Cup" müsabiqəsinin ümumdünya finalında çıxış edəcək

Cəmiyyət Materials 9 İyun 2015 16:32 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) “NoObs” komandası “Microsoft Imagine Cup” müsabiqəsinin ümumdünya yarımfinalında qalib gəlib.
BDU-nun "NoObs" komandası "Microsoft Imagine Cup" müsabiqəsinin ümumdünya finalında çıxış edəcək

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Bakı Dövlət Universitetinin (BDU) "NoObs" komandası "Microsoft Imagine Cup" müsabiqəsinin ümumdünya yarımfinalında qalib gəlib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, "Imagine Cup" müsabiqəsi innovativ texnologiyalar sahəsindəki yerli istedadların müəyyən edilməsində mühüm rol oynayır.

Yarımfinal mərhələsinin qaliblərindən biri Bakı Dövlət Universitetinin "NoObs" komandası olub. Müsabiqənin ümumdünya finalı bu ilin iyul ayının 27-31-də Sietldə (ABŞ) keçiriləcək və Azərbaycanı sözügedən müsabiqədə BDU-nun "NoObs" komandası təmsil edəcək.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi komandanın üzvləri Ülviyyə Rüstəmova, Fidan Rüstəmova, Arif Mövsümzadə və Nizami İsmayılova müvafiq sertifikatlar təqdim edib.

Qeyd edək ki, ümumdünya onlayn-yarımfinalda Azərbaycanı 3 komanda təmsil edib və onlardan yalnız biri - "NoObs" komandası "İnnovasiyalar" nominasiyasında qalib gəlib ki, komanda elə bu nominasiyada Azərbaycanı Sietldə keçiriləcək ümumdünya finalında təmsil edəcək. Bundan başqa, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərara alıb ki, İKT-nin İnkişafı Fondu tərəfindən komandanın gələcək fəaliyyəti üçün qrant ayrılsın.

"Microsoft Imagine Cup" müsabiqəsinin beynəlxalq onlayn-yarımfinalında 64 ölkədən 150 komanda iştirak edib. Nəticədə 33 komanda finala vəsiqə qazanıb, onlardan 12-si "İnnovasiyalar" nominasiyasında mübarizə aparacaq.

Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi ilk dəfə təşkil olunub. Müsabiqənin sonunda qaliblərə 50 min, 10 min və 5 min ABŞ dolları məbləğində pul mükafatları təqdim olunacaq və onlar qlobal innovasiya akselerator proqramlarına qoşulacaqlar.

Azərbaycanda "Microsoft Imagine Cup" müsabiqəsi Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Yüksək Texnologiyalar Parkının dəstəyi, "Microsoft Azerbaijan" şirkəti və "Nar" rabitə operatorunun təşkilatçılığı ilə həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti