...

Akif Təvəkküloğlunun kitabının təqdimat mərasimi keçirilib

Cəmiyyət Materials 9 İyun 2015 16:47 (UTC +04:00)
Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun kitabının təqdimat mərasimi keçirilib.
Akif Təvəkküloğlunun kitabının təqdimat mərasimi keçirilib

Azərbaycan, Bakı, 9 iyun /Trend, müxbir İlkin İzzət/

Milli Məclisinin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycan Mətbuat Şurasından (MŞ) Trend-ə verilən məlumata görə, bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Milli Məclisinin mətbuat xidmətinin rəhbəri A.Təvəkküloğlunun və tanınmış jurnalist, pedaqogika üzrə fəlsəfə doktoru Qafar Əsgərzadənin birgə müəllifi olduğu "История Азербайджанской журналистики" (Azərbaycan jurnalistikasının tarixi) kitabının təqdimat mərasimi keçirilib.

MŞ-nin təşəbbüsü ilə keçirilmiş toplantını Şura sədri Əflatun Amaşov açaraq təqdimatı keçirilən nəşri Azərbaycan jurnalistikasının tarixi ilə bağlı sistematik nümunə adlandırıb. Kitabın xarakterik xüsusiyyətlərindən bəhs edən Ə.Amaşov onun dərs vəsaiti kimi də əhəmiyyət daşıdığını vurğulayıb. MŞ sədri həmçinin qeyd edib ki, "История Азербайджанской журналистики" kitabı jurnalistika ilə bağlı reallıqlarımızın rus dilində paylaşılması nöqteyi-nəzərdən də əhəmiyyətlidir.

Respublika Təhsil Şurasının sədri Əjdər Ağayev jurnalistikanın ictimai fikir tariximizdəki önəmini vurğulayıb. Bu baxımdan onun tarixinin öyrənilməsinin eyni zamanda Azərbaycanın tarixinin tədqiqinə də mühüm töhfə olduğunu bildirib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında diqqəti zaman-zaman Azərbaycan jurnalistikası tarixinin tədrisində problemlərin yaşandığına çəkib. Xüsusən də rus bölməsində təhsil alanlar çətinlik çəkiblər. Məsələyə mövcud kontekstdən yanaşan C.Məmmədli kitabın məhz rus dilində ərsəyə gəlməsinin əhəmiyyətini əsaslandırıb.

MŞ İdarə Heyətinin üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Azərbaycan jurnalistikasının keçmişi və müasir inkişaf xüsusiyyətlərini özündə birləşdirən kitabların yazılmasının vacibliyindən söz açıb. O, həmçinin bildirib ki, belə nəşrlərin dünyaya çıxış baxımından təkcə rus dilində deyil, ingilis dilində də nəşri mütləqdir.

Çıxış edənlərdən MŞ İdarə Heyətinin üzvü, BDU-nun professoru Nəsir Əhmədli, BDU-nun jurnalistika fakütləsinin professoru Alxan Bayramoğlu, Bakı Slavyan Universitetinin kafedra müdiri Etibar Babayev, BSU-nun dosenti Şəlalə Həsənova, "Qarabağ" qəzetinin baş redaktoru Çingiz İsmayılov və başqaları təqdimatı keçirilən nəşrin əhəmiyyətindən danışaraq, hazırda 1000 tirajla işıq üzü görmüş kitabın sayının çoxaldılmasının vacibliyini önə çəkib, arzu və təkliflərini dilə gətiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti