...

Su hövzələrində təhlükəsizliyin təmin olunması üçün qabaqlayıcı tədbirlərin sayı artırılıb (FOTO)

Cəmiyyət Materials 7 İyul 2015 13:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) 2015-ci il ərzində su hövzələrində təhlükəsizliyin təmin olunması istiqamətində qabaqlayıcı tədbirlərin sayını artırıb.

DSXX-nın Təbliğat və təşkilat sektorundan Trend-ə verilən məlumata görə, Nazirliyin Regional Mərkəzi ilə birgə Bakının Suraxanı, Sabunçu, Xəzər, Qaradağ, Pirallahı, Binəqədi, Səbail rayonları, eyni zamanda Sumqayıt, Xaçmaz, Şabran, Mingəçevir, Qəbələ, Şamaxı, Lənkəran, Şəmkir, Salyan rayonları üzrə su hövzələrində monitorinqlər keçirilib.

Monitorinqlərin nəticələri ilə bağlı müvafiq icra orqanlarının (Rayon İcra Hakimiyyəti və ərazi icra nümayəndələri, bələdiyyələr, mənzil kommunal təsərrüfatı birlikləri, polis orqanları, təcili-tibbi yardım bölmələri, yerli gigiyena və epidemiologiya mərkəzi, təhsil müəssisələrinin rəhbərləri və istirahət obyektlərinin rəhbərləri) iştirakı ilə Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilib.

Keçirilmiş monitorinqlər zamanı su hövzələrinin sahil zolağında insanların təhlükəsizliyi və istirahəti, eyni zamanda xilasetmə əməliyyatları zamanı maneə yaradacaq amillər araşdırılıb. Monitorinqlər zamanı rayon ərazisində yerləşən su hövzələrində insanların təhlükəsizliyi və baş verə biləcək fövqəladə hadisələr zamanı yerli icra orqanlarının üzərinə düşən vəzifələr və qarşıya çıxan problemlərin həlli yolları təhlil olunub.

Aşkar olunmuş nöqsanlar, monitorinqlərin nəticələri Rayon İcra Hakimiyyətlərində keçirilmiş müşavirələrdə fotoslaydlarla nümayiş edilərək yerli icra orqanlarının rəhbərləri ilə müzakirə olunub. Su hövzələrində insanların təhlükəsizliyi üçün zəruri hesab edilən tədbirlərin həyata keçirilməsi üçün lazım olan məlumatlar aidiyyatı orqanların diqqətinə çatdırılıb. Eyni zamanda, qanunvericiliyə uyğun olaraq, su hövzələrindən istifadə və istirahətlə bağlı yerli icra orqanlarının üzərinə düşən vəzifələr bir daha qurumların diqqətinə çatdırılıb, aşkar olunan nöqsanların qısa müddətdə aradan qaldırılması yolları müzakirə olunub.

Məlumatda bildirilir ki, il ərzində təhsil müəsissələrində sularda təhlükəsizlik qaydaları ilə bağlı maarifçilik işləri aparılır. Təkcə bu il 50-yə yaxın orta məktəbdə bu istiqamətdə təbliğat-maarifləndirmə işləri aparılıb. Tədbirlərdə DSXX-nin fəaliyyət istiqamətləri və ölkə ərazisindəki su hövzələrində təhlükəsizlik tədbirləri ilə bağlı məlumatlar çatdırılıb, sularda təhlükəsizlik qaydaları ilə bağlı zəruri məlumatlar əks olunan təbliğat materialları paylanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti