...

Mübariz Qurbanlı: Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir

Cəmiyyət Materials 13 İyul 2015 14:34 (UTC +04:00)
“Azərbaycanda artıq milli dini kadrların hazırlanması istiqamətində əsaslı dəyişiklik etməliyik. Xaricə axının qarşısını almaq üçün ölkəmizdə dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir”.
Mübariz Qurbanlı: Azərbaycanda dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlkin İzzət/

"Azərbaycanda artıq milli dini kadrların hazırlanması istiqamətində əsaslı dəyişiklik etməliyik. Xaricə axının qarşısını almaq üçün ölkəmizdə dini təhsil mütləq pulsuz olmalı və dövlət bu sahəni himayəyə götürməlidir". Bunu Trend-ə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı deyib.

Komitə sədrinin sözlərinə görə, dini təhsil məsələsi qısa zaman ərzində həll olunan məsələ deyil və burada iki nüans nəzərə alınmalıdır: "Birincisi, orta məktəblərdə dini biliklərin tədris olunması məsələsidir. Azərbaycanda orta məktəblərdə hazırda "Həyat bilgisi" adlı fənn tədris olunur. Həmin fənn çərçivəsində dinlər haqqında müəyyən məlumat verilir. Bizim Təhsil Nazirliyinin mütəxəssisləri ilə söhbətlərimiz zamanı belə belə bir ümumi nəticə hasil olub ki, "Həyat bilgisi" dərsliyində bu proqram bir az da genişləndirilsin və daha geniş bilgi verilsin. Başqa bir ideya da var. Ola bilsin ki, orta məktəblərdə, xüsusilə yuxarı sinif şagirdləri üçün məsələn, "Dünya dinləri" fənni tədris olunsun. Bu ad şərtidir və fənnin adı "Dünya dinləri və mədəniyyət", "Din və mədəniyyət", "Din və cəmiyyət" və s. də ola bilər. Fənn 6 ay və ya 1 il ərzində fənn və ya kurs kimi tədris oluna bilər. Burada söhbət yalnız İslamın tədrisindən getmir. İstəyirik ki, yuxarı sinif şagirdləri İslam, xristianlıq, iudaizm, bütpərəstlik və s. haqqında, o cümlədən hər bir dindəki radikal qruplar, cərəyanlar, onları yaradan səbəblər, nəticələri və fəsadları barədə ətraflı bilgi əldə etsinlər. Bunlar din haqqında olmaqla yanaşı, həm də dünyəvi və şagirdlərə həyatları boyu lazım ola biləcək bilgilərdir".

M.Qurbanlı qeyd edib ki, əslində bu yeni mövzu deyil və əvvəllər də müzakirə olunub: "Müstəqilliyimizin ilk illərində bu mövzuda söhbətlər, müzakirələr aparılıb. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində də, ondan sonra da bununla bağlı söhbətlər olub. Amma bu, Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində həll olunası məsələ deyil. Bunu mütəxəssislər həll etməlidir. Təhsil Nazirliyində də bununla bağlı fikir mübadilələri aparılır".

DQİDK sədrinin fikrincə, ikinci əsas məsələ, ümumi dini təhsil və dini kadrların hazırlanmasıdır: "Bu, çox ciddi bir məsələdir. Azərbaycandan kənarda, xarici ölkələrdə dini təhsil almış və hazırda da alan vətəndaşlarımız, gənclərimiz var. Amma qanunla onlar Azərbaycana qayıtdıqda məscidlərdə, dinlə bağlı yerlərdə çalışa, dini ayin və mərasimlərin icrasına rəhbərlik edə bilməzlər. Çünki din yalnız mənəviyyat deyil, eyni zamanda insanları bir araya gətirən idelolji sahədir. Ona görə də hər ölkə özünü qoruyur və başqa ölkələrdə dini təhsil almış din xadimlərinin, eyni zamanda, əcnəbilərin gəlib məscidlərdə və digər yerlərdə ayinlər icra etməsinə imkan vermir. Azərbaycan da buna imkan vermir və bu doğru yoldur. Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Ona görə də dini təhsil, din üzrə kadrların hazırlığı məsələsində müəyyən ciddi addımların atılmasına ehtiyac var. Biz ilk növbədə milli dini kadrların hazırlanması sahəsində əsaslı dəyişiklik etməliyik".

M.Qurbanlı qeyd edib ki, Azərbaycanda Bakı Dövlət Universitetinin (BDU) İlahiyyat fakültəsi, Bakı İslam Universiteti və mədrəsələr var. Son illərdə Bakı İslam Universiteti Azərbaycanda din üzrə kadr hazırlığında xeyli irəliləyişə nail olub və hazırda çalışan din xadimlərinin əksəriyyəti də bu universitetin məzunlarıdır. Burada hazırlanan kadrlara heç kimin şübhəsi və iradı yoxdur. BDU-nun İlahiyyat fakültəsi də xüsusilə dinşünaslıq üzrə səviyyəli mütəxəssislərin hazırlanmasında xeyli uğurlar əldə edib. DQİDK-da çalışan kadrların böyük əksəriyyəti, eləcə də Milli Elmlər Akademiyasında, o cümlədən ayrı-ayrı təhsil ocaqlarında dinşünaslıq üzrə fəaliyyət göstərən şəxslər də məhz bu fakültənin yetirmələridir.

DQİDK sədri hesab edir ki, burada ciddi bir nüans var. Bu da ondan ibarətdir ki, Bakı İslam Universitetində təhsil ödənişlidir: "Bu isə müəyyən problemlər yaradır. Azərbaycandan İranda, Türkiyədə, ərəb ölkələrində və digər yerlərdə təhsil alanlar var. Məsələ ondadır ki, ətrafımızdakı ölkələrdə dini təhsil pulsuzdur. Ona görə də pulsuz dini təhsil almaq üçün ölkədən kənara axın var. Biz bu axının qarşısını almaq üçün mütləq ölkəmizdə din üzrə kadr hazırlığını pulsuz etməliyik və dövlət bunu himayəyə götürməlidir. Azərbaycanda din dövlətdən ayrıdır. Ona görə də dini təhsilin dövlət tərəfindən himayəyə götürülməsi dedikdə, söhbət dövlət büdcəsindən vəsait ayrılmasından getmir. Bu məsələni büdcədən olmasa da, müxtəlif qrantlar ayırmaqla və ya fond yaradıb onun vasitəsilə həll edə bilərik. Amma mütləq bu sahədə təhsilin pulsuz olmasına nail olmalıyıq və din üzrə hazırlanan kadrlarımız pulsuz təhsil almaq imkanı əldə etməlidirlər. Bu şəxslər mütləq milli kadrlar olmalıdır. Bu, gələcəyə yönəlik proqram olmalıdır. Bu yolla ideoloji olaraq bizə yad, radikal məzhəb və ya təriqətlərin ölkəmizə müdaxilə etməsinin qarşısını almış olarıq".

Dövlət Komitəsinin sədri artıq yeni sistemin yaradılması ilə bağlı müəyyən təkliflərin hazırlandığını və müzakirələrdən sonra vahid mövqe şəklində hökumətə təqdim olunacağını açıqlayıb: "Bu məsələ ilə bağlı artıq Qafqaz Müsəlmanları İdarəsi (QMİ), QMİ-nin tərkibindəki Ali Dini Şuranın üzvləri və Bakı İslam Universiteti ilə birgə fikir mübadiləsi aparmışıq. Bu məsələdə ortaq məxrəcə gəlmək üçün mütəxəssislərin fikirlərinə böyük ehtiyac var. Biz hazır fikri, qərarı öz aramızda razılaşdıraraq artıq onu hökumətə təqdim etməli, bu yöndə müəyyən addımlar atmalıyıq. Bu, mütləq lazımdır. Çünki din üzrə məsələlər bir günün işi deyil. Biz gələcəyi fikirləşməliyik. Heç bir ölkə özünün milli-dini modelini yarada bilməz. Dinin milli modeli olmur. Din vahiddir, lakin hər bir ölkə dinlə bağlı kadrlarını özü hazırlamalı və dini idarəçiliklə bağlı məsələlərdə özünəməxsusluğu nəzərə almalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti