...

Səhiyyə Nazirliyi dərman preparatları ilə bağlı problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayıb

Cəmiyyət Materials 14 İyul 2015 16:45 (UTC +04:00)
Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanıb və tətbiq olunacaq.
Səhiyyə Nazirliyi dərman preparatları ilə bağlı problemləri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayıb

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən kompleks tədbirlər hazırlanıb və tətbiq olunacaq.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı Səhiyyə Nazirliyində keçirilən geniş toplantıda deyib.

Nazirliyin struktur bölmələrinin, səhiyyə və tibb müəssisələrinin rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda O.Şirəliyev ölkənin sosial-iqtisadi inkişafının yekunlarına toxunub. Nazir Azərbaycanda pozitiv iqtisadi dinamikanın müşahidə olunduğunu, son altı ayın göstəricilərinə nəzər salarkən, bir çox nailiyyətlərin əldə edildiyini diqqətə çatdırdı.

Yuxarıda sadalananlara baxmayaraq, ölkədə müəyyən məsələlərdə bəzi problemlərin mövcud. O.Şirəliyev Nazirlər Kabinetinin iclası zamanı ölkə başçısının sosial-iqtisadi inkişafa maneçilik törədən, Səhiyyə Nazirliyini uzun müddətdir narahat edən məqamlara toxunduğunu vurğulayıb. O, bu barədə ölkə başçısına məruzə olunduğunu da qeyd edib və bildirib ki, bir neçə aydır İqtisadiyyat və Sənaye Nazirliyi ilə birlikdə dərman sahəsində araşdırmalar aparılır.

Öz çıxışında ölkə başçısına istinad edərək, səhiyyə naziri Azərbaycanda bazar iqtisadiyyatının hökm sürdüyünü və dərmanların qiymətinə nəzarətin bazar tərəfindən tənzimləndiyi bildirib. Nəticədə isə bazar iqtisadiyyatı adı altında dərmanların üzərinə yüksək qiymətlərin qoyulması əhalinin haqlı narazılığına səbəb oldu. Bu səbəbdən yeni maliyyə mexanizmi yaradılıb və bu ilin payızına kimi dərmanların qiyməti sahəsində olan problemlərin qarşısının alınması üçün bu layihənin tətbiqi nəzərdə tutulub. O.Şirəliyev layihənin tətbiqindən sonra vətəndaşların dərmanları daha rahat şəkildə ala biləcəklərinə əminliyini qeyd edib.

Nazir əhaliyə dövlət tərəfindən təqdim olunan dərmanların təminatında, onların keyfiyyətinin yoxlanılmasında, əvvəllər mövcud olan problemlərin aradan qaldırılması istiqamətində bəzi işlərin görüldüyünü xatırladıb. O cümlədən, Səhiyyə Nazirliyinin tərkibində dərman vasitələrinə nəzarət strukturu, Analitik Ekspertiza Mərkəzinin yaradıldığını, vahid resept blankına keçidi, dərmanların mərkəzləşdirilmiş qaydada müəssisələrə paylanması layihələrinin tətbiqini misal çəkib: "Lakin müəyyən hallarda mərkəzləşdirilmiş qaydada səhiyyə müəssisələrinə əhalinin yararlanması üçün təqdim olunan dərman vasitələri ünvanına çatmır. Bəzi apteklərin fəaliyyətində ciddi nöqsanlar aşkarlanır. Müəyyən hallarda həkimlər xəstələrə təqdim etdikləri reseptlərə əsassız olaraq əlavə dərman preparatları daxil edirlər. Bu isə əhalinin haqlı narazılığına səbəb olur. Bütün bunlar yolverilməzdir və qarşısı mütləq alınmalıdır. Dərman preparatları sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədilə Səhiyyə Nazirliyi tərəfindən tədbirlər kompleksi hazırlanıb və tətbiq olunacaq".

İclasın sonunda nazir səhiyyə müəssisələrinə belə nöqsanların aradan qaldırılması üçün bütün zəruri addımların atılması tapşırığını verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti