...

Sözün gücü çatmadıqları

Cəmiyyət Materials 20 İyul 2015 15:07 (UTC +04:00)
Elə bilirdim, SÖZdən qüdrətli bu dünyada heç nə yoxdur; heç nə onun qarşısında tab gətirmir; hər şey Ondadır və Ondandır…
Sözün gücü çatmadıqları

Anar Yusifoğlu, xüsusi olaraq Trend üçün

"Sözdür ki, deyirlər var söz..."

Bahar gecəsində özünə sıxılıb ürəyi göz yaşıyla suvarmaq da özünü ifadədir...

***

Elə bilirdim, SÖZdən qüdrətli bu dünyada heç nə yoxdur; heç nə onun qarşısında tab gətirmir; hər şey Ondadır və Ondandır...

Yalanmış. Sözün də gücü çatmayan nəsə varmış və günlərdir ürəyimdən asılan Nəsədən qurtulmaq üçün Söz heç bir yardım etmir, edə bilmir, qüvvəsi yetmir...

İllərlə özümlə daşıdıqlarım vardı - sözə güvənirdim, sözlə çəkirdim. Çəkisi haçan artdı bu yükün, nələr qondu üstünə ki, indi çəkilməz oldu? Sözün gücü, qüvvəsi, qüdrəti bu yükü ömrün yarısına qədər çəkəcək qədərmiş? Yoxsa, elə ömür deyilən budur - Sözün çəkə bilməyəcəyi yerdəcə qırılıb qalırmış: bundan o yana Ömürü Sözün yanında qoyub, sözsüz yaşayacaqsanmış...

***

"Sevgi insanı Sözə aparır..."

Yalanmış, aldadıblarmış bizi. Sevginin yalnız bir azını çəkə bilirmiş söz. Sözün çəkə bilmədiyi lal-dinməz, dilsiz-ağızsız, ifadəsiz, Sözsüz sevgi, dərd, ağrı yükü varmış.

İlahi, bu yük nə qədər ağırmış!..

***

Əgər durub əlinə qələm ala bilirsənsə, özünü sözə çevirməyə başlayırsansa, bitdi hər şey, çıxdı içindən çəkdiyin, sözə döndü - əllə tutmaq olmayan, görülməyən, sezilməyən SÖZ-ə... Və uçub getdi.

Sevgi - deyiləsi mümkün olmayan, ifadə edilməyənmiş.

Dərd - çəkilə bilən yox, çəkilməyənmiş.

***

Özümüzü ovuduruqmuş: "Siz"i "Sən"in yanına qoşub; "sən"i "siz"lə cütləyib, məhrəmliyə rəsmiyyət qatmaqla "sənsiz" yoxluğu yaşanmır, canım-gözüm!

"Sənsiz" adlı bir anlayış yoxdur! Bunu özümüzdən uydurmuşuq, inanıb, ona sığınmışıq.

"Sənsizlik" varsa, sən yoxsan - demək. Sən varsansa, yaşayırsansa, mövcudsansa, nəfəs alırsansa, sənsizlik necə ola bilər, axı!

Əgər SƏNsizsənsə, demək, "Sən" artıq ölmüsən - bitmisən, qardaşım, tükənmisən, güzgüdə quru cisminə baxıb, özünə yalandan təskinlik vermə.

***

Yalanmış! "Ayrılıq" adlı məfhum yoxmuş!

Yükünü çəkə bilmədiyin yerdə özünü qoyub ömrü "özünsüz", "sənsiz" sürdürürsənsə, "sənsizlik" ayrılığınımı yaşayırsan? Yaşayırsanmı ki, ayrılıq da olsun?...

***

...Bahar gecəsində özünə sıxılıb ürəyi göz yaşıyla suvarmaq da özünü ifadədir. Sözün ürəyə gücü çatmayanda, ürəyin ümidi gözə qalır...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti