...

"Prezidentin sözə, mediaya, jurnalistikaya verdiyi dəyər"

Cəmiyyət Materials 21 İyul 2015 15:32 (UTC +04:00)
Bundan sonra da Azərbaycan mediasının inkişafı və dövlətçilik maraqlarımızın qorunması üçün üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışacağam.
"Prezidentin sözə, mediaya, jurnalistikaya verdiyi dəyər"

Anar Yusifoğlu, xüsusi olaraq Trend üçün

Mən xeyli zamandır bu sahədə çalışıram, jurnalistikanı da, dövlətimi də sevirəm. Və bu fəaliyyətimə ölkənin birinci şəxsi səviyyəsində qiymət verilməsi, şübhəsiz ki, hər bir vətəndaş kimi mənim üçün də qürur, eyni zamanda, böyük məsuliyyətdir. Bundan sonra da Azərbaycan mediasının inkişafı və dövlətçilik maraqlarımızın qorunması üçün üzərimə düşən vəzifəni yerinə yetirməyə çalışacağam.

Prezident İlham Əliyevin sərəncamı ilə bu il mətbuatın yubileyi geniş kampaniya ilə keçirilir, müstəqil mətbuatın güclənməsi üçün dövlət dəstəyi ilbəil artır, əsl mətbuatın formalaşmasına şərait yaranır, jurnalistlərin sosial problemləri dövlətin diqqət mərkəzindədir.

Bu, Prezidentin sözə, mediaya, jurnalistikaya verdiyi dəyərdir. Prezidentin sərəncamı ilə təltif olunmaq çox xoşdur, qiymətlidir, qürurvericidir. Dəyərləndirildiyini hiss etməkdən gözəl duyğu yoxdur. Buna görə, cənab Prezidentə, namizədliyimi təqdim edən və dəstəkləyən hər kəsə minnətdaram! Təltif olunan həmkarlarımı da təbrik edir, uğurlar arzulayıram. Digər layiqli, peşəkar həmkarlarıma da bu sevinci yaşamağı arzu edirəm.

Azad söz, fikir və mətbuat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin fəaliyyəti və inkişafı üçün münbit şəraitin yaradılması demokratiyanın əsas meyarlarından biridir. Bu mənada Azərbaycanda demokratikləşmə istiqamətində həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsi kimi mətbuat azadlığı, eləcə də mətbuatın inkişafı üçün bir sıra zəruri addımlar atılır.

Prezident İlham Əliyevin milli mətbuatın 140 illiyi ilə bağlı imzaladığı sərəncam sözügedən addımlardan sayıla bilər. Qeyd edək ki, bu gün dünyanın heç bir yerində dövlət mətbuata birbaşa yardım etmir və hansısa qəzetin mətbəəyə olan borcunu ödəmir. Bu mənada Azərbaycan hakimiyyəti bir sıra qəzetlərin yaranmış borcunu ödəmək, media təmsilçilərini fəxri adlar və müxtəlif mükafatlara layiq görməklə həm də mətbuat tarixində yeniliyə imza atır.

Ölkə rəhbərliyinin mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verməklə onun müstəqilləşməsi, habelə mövcud problemlərinin həlli istiqamətində davamlı addımlar atması təsadüfi sayıla bilməz. Respublikamızın dünya informasiya məkanına daxil olması və informasiyalı cəmiyyətə keçid şəxsiyyətin, cəmiyyətin və dövlətin informasiyaya olan tələbatının daha dolğun ödənilməsinə, kütləvi informasiya vasitələrinin fəaliyyətinin təkmilləşməsinə və müasir dövrün tələblərinə uyğunlaşmasına ehtiyac yaradır. Dövrün tələblərinə uyğun olaraq bu ehtiyacı hiss edən ölkə rəhbərliyi kütləvi informasiya vasitələri ilə dövlət qurumları arasında səmərəli əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi, kütləvi informasiya vasitələrinin iqtisadi müstəqilliyinin və jurnalistlərin peşəkarlığının artırılması, vətəndaş cəmiyyəti quruculuğu prosesində onların rolunun gücləndirilməsi məqsədilə mühüm tədbirlər həyata keçirir. Bu gün ölkədə söz və mətbuat azadlığı üçün heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri mövzunu açıq şəkildə cəmiyyətin diqqətinə çatdıra bilirlər.

Mətbuatın inkişafına göstərilən bu yüksək diqqət və qayğı müqabilində ölkə rəhbərliyinin mətbuatla bağlı gözləntiləri də var. Prezident İlham Əliyevin milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamında da bildirilir ki, qlobal informasiya məkanının gündən-günə genişləndiyi, beynəlxalq təbliğat fəaliyyətinin ayrı-ayrı ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi müasir dövrdə kütləvi informasiya vasitələrimiz daha peşəkar, obyektiv və prinsipial olmalı, yüksək milli şüur və vətənpərvərlik nümayiş etdirərək Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmalıdırlar. Mətbuat ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliğində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir.

Beləliklə, mətbuatdan yalnız qanunlara, peşə etikasına hörmət, milli-mənəvi dəyərlərə sədaqət, dövlət və xalq maraqlarına təəssübkeş, vətənpərvər münasibət istənilir. Bunlar da sırf peşəkarlıqla bağlı məsələlərdir. Son illər cəmiyyət həyatının bütün sahələrində əsaslı keyfiyyət dəyişiklikləri hiss olunur, bir çox məsələlər məhz ictimai qınaq və məzəmmət yolu ilə aradan qalxır. Mətbuatda milli-mənəvi dəyərlərə, dövlətçilik maraqlarına hörmət prinsipi bütün konyunktur maraqlardan öndə dayanmalıdır. Əslində, bunu müharibə şəraitində yaşayan, ərazisinin 20 faizinin hələ də işğal altında olduğu bir dövlətdə xalqın milli maraqları tələb edir. Odur ki, yeni dövrdə ölkə mediasının da üzərinə mühüm vəzifələr düşür. İlk növbədə, mətbuatda peşəkarlıq əsas normalardan birinə çevrilməli, KİV-də milli maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ olmalıdır. Yeni mərhələnin siyasi reallıqları mətbuatın cəmiyyətdə təkcə rolunu deyil, həm də sosial öhdəliklərini, məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə münasibətdə mətbuat nümayəndələrindən əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi tələb edir. Buna görə də peşə etikası ilə yanaşı, milli təəssübkeşik, taleyüklü problemlərə vətəndaş yanaşması Azərbaycan mediasının keyfiyyət göstəricisi olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti