Azərbaycan, Bakı, 30 iyul /Trend/
Daxili İşlər Nazirliyi ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında "Dini radikalizmlə mübarizənin effektivliyinin artırılması məqsədilə Daxili Qoşunların şəxsi heyətinin maarifləndirilməsi istiqamətində birgə işin təşkilinə dair Tədbirlər Planı" çərçivəsində Lənkəran rayonunda Daxili Qoşunların N saylı hərbi hissəsində dini radikalizmlə mübarizə mövzusunda tədbir keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Komitə sədrinin müavini Gündüz İsmayılov tədbirdə çıxış edərək, dini radikalizmi doğuran səbəblərdən, radikalizmlə mübarizədə maarifləndirmə işinin əhəmiyyətindən danışıb.
Sədr müavini İslam dininin ekstremizmə, radikalizmə qarşı mənəvi dəyərlər sistemi olduğunu bildirərək, radikalizmi doğuran başlıca səbəblərdən biri kimi dinlərin mahiyyətinin təhrif olunmasını qeyd edib. G.İsmayılov bildirib ki, islam dini haqqında bilgiləri zəif olan insanların radikal cərəyanlara, qruplara cəlb edilməsi daha asan olur, ona görə də dini radikalizmlə mübarizədə ilk növbədə dini maarifçilik işinin təşkilinə xüsusi önəm verilməlidir.
Vətənə, dövlətə sevginin, Vətəni müdafiə etməyin İslam əqidəsinin əsas prinsiplərindən olduğunu vurğulayan Komitə rəsmisi dini maarifləndirmə ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. O, eyni zamanda milli-mənəvi dəyərlərimizin qorunması və təbliğ edilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də danışıb.
Daha sonra G.İsmayılov görüş iştirakçılarının suallarını cavablandırıb.