...

Deputat: Prezident İlham Əliyevin jurnalistin ölümü faktına verdiyi reaksiya qiymətləndirilməlidir

Cəmiyyət Materials 10 Avqust 2015 19:44 (UTC +04:00)
“Jurnalist Rasim Əliyevin döyülməsi və aldığı xəsarətlərdən ölməsi faktı hər bir insanı sarsıdır.
Deputat: Prezident İlham Əliyevin jurnalistin ölümü faktına verdiyi reaksiya qiymətləndirilməlidir

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

"Jurnalist Rasim Əliyevin döyülməsi və aldığı xəsarətlərdən ölməsi faktı hər bir insanı sarsıdır. Cənab Prezidentin bu fakta verdiyi reaksiya da başa düşüləndir və qiymətləndirilməlidir. Bu, bir daha göstərir ki, Azərbaycan Prezidenti jurnalistlərə qayğı və diqqətini əsirgəmir".

Bunu Trend-ə Milli Məclisin deputatı Tahır Rzayev Prezident İlham Əliyevin jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi faktının ölkədə söz və məlumat azadlığına təhdid kimi qiymətləndirilməsi, KİV azadlığı prinsipinin pozulmasının dövlətin maraqlarına zidd olması barədə söylədiyi fikrə münasibət bildirərkən deyib.

T.Rzayev əlavə edib ki, belə bir hərəkət, jurnalistlərə qarşı təqib və təhqirlərin olması yolverilməzdir, demokratik ölkədə heç vaxt azad sözə, mətbuata qarşı belə hallara yol verilməməlidir: "Cənab Prezidentin bu fakta verdiyi reaksiya da bir daha göstərir ki, Azərbaycan Preizdenti jurnalistlərin hüquqlarını müdafiə etməyə hazırdır".

T.Rzayev bildirib ki, İlham Əliyevin jurnalistlərə göstərdiyi qayğı və diqqət çox yüksək və təqdirəlayiqdir.

Deputatın sözlərinə görə, İ.Əliyev hakimiyyətə gəldiyi ilk illərdən jurnalistlərlə birgə işləməyi, real hadisələrə, həqiqətə, sözə mühüm yer verməyi öz fəaliyyətinin əsas istiqaməti hesab edir: "Bu baxımdan Prezident İ.Əliyev həmişə jurnalistlərin əməyini qiymətləndirib, onları diqqət mərkəzində saxlayıb".

T.Rzayev bildirib ki, son illərdə jurnalistlərə göstərilən qayğı və diqqət, onlarış yaşayış mənzilləri ilə təmin edilməsi, jurnalistlərə adların verilməsi, onlara müxtəlif orden və medalların təqdim edilməsi, jurnalistlərlə müntəzəm olaraq, görüşlərin keçirilməsi, fikir mübadiləsinin aparılması azad mətbuata və sözə verilən bir qiymətdir.

Qeyd edək ki, avqustun 8-də Ann.az saytının əməkdaşı Rasim Əliyev döyülüb və aldığı fiziki xəsarətlər nəticəsində dünən dünyasını dəyişib.

Azərbaycan Prezidenti bu faktı ölkədə söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətinə təhlükə və təhdid kimi qiymətləndirərək qeyd edib ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir. Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti