...

ƏƏSMN sağlamlıq imkanları məhdud daha 30 uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib (FOTO)

Cəmiyyət Materials 28 Sentyabr 2015 10:53 (UTC +04:00)
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.
ƏƏSMN sağlamlıq imkanları məhdud daha 30 uşağı Türkiyəyə bərpa müalicəsinə göndərib (FOTO)

Azərbaycan, Bakı, 28 sentyabr /Trend/

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən daha 30 nəfər sağlamlıq imkanları məhdud uşaq valideynlərindən birinin müşaiyəti ilə Türkiyə Respublikasına ixtisaslaşmış bərpa müalicəsinə göndərilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, uşaqların Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola salınması zamanı onların valideynləri Azərbaycan Prezidenti İlham Əliyevin əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların tibbi-sosial reabilitasiyasına diqqət və qayğısından razılıqla söz açaraq, övladlarının xaricdə ixtisaslaşmış bərpa müalicəsinin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

ƏƏSMN-nin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Saday Abdullayev ölkəmizdə sosial proqramların cari ildə də uğurla davam etdirilməsinin tibbi-sosial reabilitasiya sahəsində də özünü aydın şəkildə göstərdiyini vurğulayıb: "Cari ilin ötən dövründə hazırda göndərilən uşaqlar da daxil olmaqla nazirlik tərəfindən xaricə ixtisaslaşmış bərpa-müalicəsinə göndərilən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sayı artıq 215-ə çatıb ki, bu da ötən illə müqayisədə 33 faiz çoxdur. Göndərilən şəxslər Türkiyənin Dənizli bölgəsindəki Nobel Tibb Mərkəzində 5 ulduz oteldə yerləşdirilir və qabaqcıl metodlar əsasında göstərilən reabilitasiya xidməti ilə təmin olunurlar".

Şöbə müdiri əlavə edib ki, həmin mərkəzdə Dənizli bölgəsinin müalicəvi əhəmiyyəti olan yerli resurslarından və innovativ texnologiyalarından istifadə edilməklə tətbiq olunan reabilitasiya üsulları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.) bir sıra çətin sağalan xəstəliklərin müalicəsində fayda verir. ƏƏSMN-nin bir nəfər həkimi də buradan göndərilən şəxslərə mərkəzdə xidmətlərin göstərilməsinə nəzarət etmək və müvafiq reabilitasiya təcrübəsini öyrənmək üçün Türkiyəyə ezam olunur.

Ölkəmizdə bərpa-müalicə sisteminin təkmilləşdirilməsi işlərindən də bəhs edən S.Abdullayev bu günlərdə açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzində 16 yaşdan yuxarı əlilliyi olan insanların ən müasir standartlara uyğun diaqnostikası və müalicəsi üçün hər bir şəraitin yaradıldığını, hazırda Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun reabilitasiya sisteminin qurulmaqda olduğunu bildirib:"Reabilitasiya vasitələri və protez-ortopedik məmulatlarla təminat işləri də ilbəil güclənir. Məsələn, cari ilin yanvar-avqust aylarında ƏƏSMN tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 24866 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin ediliblər ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 58,2 faiz çoxdur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti