...

Dahilərin nəzərində Aşura

Cəmiyyət Materials 24 Oktyabr 2015 17:25 (UTC +04:00)
Əqidə insanı, əqidəsi uğrunda mübarizə aparan insan, əqidəsinin ziddinə getməyən insan.
Dahilərin nəzərində Aşura

Bəxtiyar Hacıyev - Trend:

Əqidə insanı, əqidəsi uğrunda mübarizə aparan insan, əqidəsinin ziddinə getməyən insan. Tarixin istənilən dövrlərində belə insanlar az olub və belə insanlara daha çox sağlığında deyil, ölümündən illər sonra və demək olar, əbədi hörmət, məhəbbət bəsləyiblər. Hətta fərqli əqidə sahibləri də...

Bir çoxlarının mənasını, məğzini anlamadığı, digər çoxluğun isə yalnız İmam Hüseynin qətli ilə əlaqələndirdiyi Aşura günü. Bu da tarixi hadisələrlə maraqlanmamaqdan (və ya mütaliəni yadırğamaqdan), hər şeyə kor-koranə yanaşmaqdan, eyni zamanda imama sonsuz məhəbbət qarşısında digər hadisələrin arxa plana keçməsindən qaynaqlanır.

Əslində məlum Kərbəla hadisəsindən əvvəl də Məhərrəm ayının 10-cu günü - Aşura günü İslam nöqteyi-nəzərindən müqəddəs gün hesab olunub. Dini məxəzlərdən də aydın olur ki, məhz bu gündə bir çox əlamətdar hadisələr baş verib. Məsələn, Allahın bəxş etdiyi möcüzə sayəsində Musa peyğəmbər dənizi yarmış, Firon və ordusu sulara qərq olmuşdu. Nuh peyğəmbərin gəmisi Aşura günündə quruya çıxmışdı. İlk insan - Adəmin, eləcə Davud peyğəmbərin tövbəsi Aşura günü qəbul edilib. Yusif peyğəmbər qardaşlarının atdığı quyudan Aşura günü çıxarılıb. İsa peyğəmbər məhz bu gün dünyaya gəlib və həmin gün səmaya yüksəlib. İsmayıl peyğəmbər də Aşura günü doğulub. Oğlu Yusifin həsrəti ilə ağlamaqdan kor olan Yaqub peyğəmbərin gözləri bu gün görməyə başlayıb və s. Yəni Məhərrəm ayının, o cümlədən Aşura gününün İslam nöqteyi-nəzərindən xüsusi yeri var. Bu günlərdə həm də oruc tutmaq yaxşı əməl hesab olunur.

Bəs niyə Aşura günü deyiləndə sadalanan və sadalanmayanlar hadisələr deyil, əsasən və əksərən Kərbəla hadisəsi yada düşür, İmam Hüseyn xatırlanır? Təbii ki, peyğəmbər nəvəsinin İslamda xüsusi çəkisini, ona olan sonsuz məhəbbət və rəğbətin miqyasını bu suala cavab saymaq olar. Amma İmam Hüseynə hörmət və rəğbət bəsləyənlər təkcə müsəlmanlar deyil ki.

Hindistanın dövlət xadimi Mahatma Qandi: "Mən İmam Hüseynin - İslamın o böyük şəhidinin həyatını diqqətlə oxumuşam... Əgər Hindistan azad bir ölkə olmaq istəyirsə, İmam Hüseyndən örnək alıb onun yolu ilə getməlidir".

Məşhur siyasətçi Nelson Mandela: "Mən 20 ildən çox həbsdə yatdım, sonra bir gecədə hökumətin bütün şərtlərinə imza ataraq təslim olmaq qərarına gəldim. Lakin birdən İmam Hüseyn və Kərbəla qiyamını xatırladım. İmam Hüseyn azadlıq və liberallıq hüquqlarımı qorumaqda mənə yeni güc verdi və mən bunu bacardım".

Yazıçı Çarlz Dikkens: "Əgər İmam Hüseynin qiyam etməkdə məqsədi dünyəvi istəklərinə çatmaq idisə, bəs nə üçün bacıları, qadınları və uşaqları da bu hadisədə iştirak ediblər? Deməli, o, yalnız İslam yolunda (əqidəsi uğrunda - red.) bu fədakarlığı edib".

Filosof Tomas Karleyl: "Allaha sarsılmaz bir imanla bağlanan İmam Hüseyn və silahdaşları sübut etdilər ki, haqqla batil üz-üzə dayananda batilin say etibarilə üstün olmasının heç bir əhəmiyyəti yoxdur. Kərbəla faciəsindən aldığımız ən gözəl dərs budur. İmam Hüseynin bu azlıqla belə böyük mənəvi qələbəsi məni heyrətə gətirir".

Şərqşünas Edvard Braun: "Hətta qeyri-müsəlmanlar İslam bayrağı altında aparılan bu müharibənin pak ruhunu inkar etməyi bacarmazlar".

Filosof Xristian Martini: "İmam Hüseyn eşqi ilə yanan, yaşayan bir şəxs heç vaxt zilləti, köləliyi qəbul etməz".

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rabindranat Taqor: "Ədaləti və haqqı silahla deyil, qurbanlar verməklə bərpa etmək olar. Necə ki, bunu İmam Hüseyn etdi".

Hindistanın ilk Baş naziri Cəvahirləl Nehru: "İmam Hüseynin fədakarlığı dünyada bütün cəmiyyətlər üçün haqq yolunun ideal nümunəsidir".

Macar yazıçısı İqnats Qoldtsier: "Kərbəla ədalətsizliyə qarşı mübarizənin ən doğru yolunu - qeyri-zorakılıqla mübarizəni simvolizə edir". Və s. və i.a...

Bəs bu böyük rəğbətin, hörmətin, məhəbbətin səbəbi nədir? Əqidə insanı, əqidəyə son dərəcə sadiqlik. Bəli, İmam Hüseyn əqidəyə sadiqliyin, haqq tərəfdarı olmağın, haqsızlığa heç bir vəchlə boyun əyməməyin, qorxuya qalib gəlməyin ən gözəl nümunəsi oldu - özü də əbədi nümunə!

Ona görə də bu günü, bu tarixi qeyd etmək vacibdir. Amma gəlin bunu da bayağılaşdırmayaq, bayağı ağlaşma mərasimləri ilə bu böyük tarixi hadisənin məlumatsız insanların gözündə cılızlaşmasına özümüz də bilmədən səbəb olmayaq.

Gəlin maarifləndirmə məqsədilə məclislər təşkil edək, müzakirələr aparaq, haqqla batili, haramla halalı bir-birindən ayırmağın müşkülə çevrildiyi müasir dövrdə haqqı nahaqdan, halalı haramdan, düzü səhvdən, ağı qaradan seçməyi bacaraq. İmam Hüseynin bəşəriyyətə vermək istədiyi mesaj da elə bu idi - daim haqqın tərəfində olun, haqsızlıqla heç bir vəchlə barışmayın...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti