Bakı. Elmir Murad - Trend:
Azərbaycanda internetin kəsilməsi nəqliyyat sektoruna da təsir edib. Bunu Trend-ə açıqlamasında Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Şəfa Mehmanqızı deyib.
Onun sözlərinə görə, internetin kəsilməsi yollarda tıxac yaratmasa da, bəzi problemlərə səbəb olub: "Yollarda vəziyyət normaldır. Hazırda kameralar vasitəsilə yollardakı vəziyyəti müşahidə edə bilirik. Amma avtobus dayanacaqlarındakı monitorlara məlumatların ötürülməsi dayanıb. Mərkəzin "qaynar xətt"i də işləmir".
Qeyd edək ki, artıq bir saatdan çoxdur ki, Azərbaycanda internet kəsilib. Hazırda internetin bərpası üçün tədbirlər görülür.