...

Abşeron yarımadasında isti hava dalğalarının davamiyyəti artıb

Cəmiyyət Materials 26 Noyabr 2015 10:20 (UTC +04:00)
Abşeron yarımadasında isti hava dalğalarının davamiyyəti artıb.
Abşeron yarımadasında isti hava dalğalarının davamiyyəti artıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Abşeron yarımadasında isti hava dalğalarının davamiyyəti artıb.

Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutundan Trend-ə verilən məlumata görə, yay aylarında Abşeron yarımadasında kəskin istilər zamanı "isti hava dalğalarının" təkrarlanması və davamiyyəti tədqiq edilib.

Araşdırmalar göstərib ki, keçən əsrin 60-90-cı illərində Bakıda cəmi 2 "isti hava dalğası" qeyd edilmişdisə, son 25 il ərzində bu rəqəm 17-yə çatıb. Sayının artması ilə yanaşı, isti hava dalğalarının davamiyyəti də artıb. Əvvəllər 6 gündən çox olmayan kəskin istilərin davamiyyəti son illərdə 8-12 günədək artıb. 100 ildən artıq müşahidə dövrü ərzində 2010-cu ildə ən isti yay qeydə alınıb ki, həmin il "isti hava dalğası" 24 gün davam edib.

Isti hava dalğaları Abşeron yarımadasında əsasən Şimali Afrika və Yaxın Şərqdən qızmar tropik hava kütlələrinin cənub, cənub-qərb axınları ilə Cənubi Qafqaza davamlı müdaxiləsi nəticəsində yaranır. Bu da şimal və mülayim enliliklərdən nisbətən sərin hava kütlələrinin respublika ərazisinə daxil olmasını əngəlləyir.

Tədqiqatın nəticələrinə görə, son onilliklərdə Abşeronda yay aylarında havanın orta maksimal temperaturu xeyli artıb. Bu artım iyunda 0,9 dərəcə, iyulda 1,1 dərəcə selsi və ən çox avqustda olmaqla, 2,2 dərəcə selsi təşkil edib. Ümumdünya Meteorologiya Təşkilatının tövsiyəsinə görə, "isti hava dalğası" havanın sutkalıq maksimal temperaturunun orta maksimal temperaturdan 5 dərəcə selsi və daha yüksək olan günlərin fasiləsiz olaraq 5 gün və daha çox davam etdiyi dövr hesab edilir.

2014-cü ilin avqustun 16-dan 20-dək Bakı şəhəri və Abşeron yarımadasında birinci "isti hava dalğası" hadisəsi qeydə alınıb, havanın maksimal temperaturu Abşeronda 40 dərəcə selsiyədək yüksəlib. Belə yüksək temperaturlar zəif külək və şəlakətlə (küləksiz hava) müşayiət olunub, cənub, cənub-şərq küləklərinin üstünlüyü isə havada rütubətliyin artmasına, günün bəzi saatlarında bürkülü havanın yaranmasına səbəb olub. Belə hava şəraiti əksər əhali üçün əlverişsiz, meteohəssas insanlar üçün isə riskli qiymətləndirilir. Həmin günlərdə Bakı şəhəri təcili və təxirəsalınmaz yardım stansiyasının məlumatına əsasən, ümumən 12 günvurma hadisəsi qeydə alınıb.

İkinci "isti hava dalğası" hadisəsi isə avqustun 23-29-da baş verib.
İsti hava dalğalarının tədqiqi qabaqcadan xəbərdarlıq sisteminin təkmilləşdirilməsinə töhfə verə bilər. Yay aylarında əhalinin gözlənilən "isti hava dalğası" barəsində vaxtında xəbərdar edilməsi kəskin istilərə uyğunlaşma prosesinə köməklik göstərməklə böyük praktiki əhəmiyyət daşıyır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti