Bakı. Trend:
TRT-nin Bakı Təmsilçiliyi ənənəsinə sadıq qalaraq, 20 Yanvar faciəsinin 26-cı ildönümünü TRT kanalları vasitəsilə xəbər, proqram və klip şəklində dünyaya çatdıracaq.
TRT-dən Trend-ə verilən məlumata görə, TRT-nin Bakı Təmsilçiliyi AzTV-nin texniki dəstəyi ilə 20 Yanvar hüzn günündə Şəhidlər xiyabanından canlı yayımlar həyata keçirəcək. Canlı yayımda o dəhşətli gecənin şahidləri ilə yanaşı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, İqtisadiyyat Universitetinin Türk dünyası işlətmə fakültəsinin Beynəlxalq əlaqələr kafedrasının müəllimi Nazim Cəfərsoy və TRT Bakı Təmsilçiliyinin müxbiri Səlim Toprak iştirak edəcəklər.
"TRT Avaz" 20 Yanvar ümumxalq hüzn gününü bütün Azərbaycan kanalları kimi anım günü olaraq qeyd edəcək. 20 Yanvar hüzn gününə həsr olunmuş proqram, xəbər və canlı bağlantılar "TRT Haber", "TRT Avaz" və "TRT Türk" kanallarında yayımlanacaq.