Bakı. Trend:
Hal-hazırda dünyada baş verən iqtisadi proseslər, alıcılıq qabliyyətinin də aşağı düşməsinə səbəb olmuşdur. Kəskin qənaət tədbirləri əlbəttə ki, ödənişli televiziya xidmətlərini də təsirsiz ötməyə bilməzdi. Düzdür, ABI Research Group-un 2015ci il üçün hesabatına əsasən ödənişli televiziyanın ümumi abunəçi sayı müsbət tərəfə cuzi artmışdır, lakin artım templəri ötən illərə nisbətən kəskin azalmışdır. Hazırkı ildə də vəziyyətin optimistik ssenari üzrə gedəcəyinə ciddi əsas yoxdur.
Azərbaycanda da analoji vəziyyət müşahidə olunmaqdadır. Əsas enerji resurslarına dünya bazarında qiymətin kəskin enməsi və beynalxalq valyutaların milli valyutalara nisbətin bahalaşması iqtisadiyyatın əksər sektorlatına olduğu kimi, inkişaf etməkdə olan ödənişli televiziya sektoruna da öz təsirini göstərir.
Ölkənin əsas efir, kabel televiziyası operatorları Ailə TV, KATV1, ConnectTV, ATV telekanalların yayım hüququna görə ödənişləri və idxal olunan texniki avadanlıqlara görə hesablaşmaları dollarla həyata keçirməsi, manatın kəskin ucuzlaşması fonunda ciddi maliyyə itkilərinə gətirib çıxarır.
Buna baxmayaraq kabel televiziyası operatorları abunəçiləri də düşünərək abunə haqqlarının stabil saxlanılmasına çalışırlar. 2006-cı ildən bu yana kabel televiziyası xidmətlərinə görə abunə haqqları yalnız bir dəfə, 2015-ci ilin sentyabr ayında cəmi 1 AZN artdı. Bu müddətə qədər tarifləri stabil saxlanılaraq abunəçilərə daha keyfiyyətli xidmətin göstərilməsində ciddi irəliləyişlərə nail olunmuşdur. Belə ki, rəqəmsal və HD yayımın tətbiqi, rəqəmsal yayımda retranslasiya olunan telekanalların sayının iki dəfə artması məhz bu dövrdə baş vermişdir.
Hazırkı tarifləri bütün səylərlə qorumağa çalışan operatorlar müəyyən güzəştli kampaniyaları müvəqqəti lakin qeyri müəyyən müddətə dayandırmalı olublar. Belə ki artıq TV və İnternet xidmətlərinə görə tətbiq olunan endirim kampaniyası artıq qüvvədə deyil və xidmətlər real tatiflərə uyğun ayrı-ayrı hesablanır, bundan əvvəl isə dost gətir kampaniyası ləğv olunmuş, 5 1 və 6 2 kampaniyaları isə daha uzunmüddətli 6 1 və 12 2 kampaniyaları ilə əvəz olunmuşdu.
Yaranmış vəziyyəti nəzərə alaraq, ödənişli televiziya xidməti ilə məşğul olan yerli şərkətlər bu il daha çox ixrac yönlü siyasət aparmaları, beynəlxalq bazarlara çıxışı təmin etmələri daha məqsədəuyğun görünür. Bu istiqamətdə artıq müəyyən addımlar da atılıb, belə ki, Ailə TV və KATV1 hələ ötən il IPTV xidmətlərini tətbiq etdilər. OTT texnologiyası əsasında təqdim olunan müasir ödənişli televiziya xidməti dünyanın isənilən yerində retranslasiya olunan telekanalları izləmək imkanı yaradır. Bu texnoloji yeniliklə operatorlar əsasən xarici ölkələrdə yaşan soydaşlarımızdan ibarət potensial abunəçiləri əhatə etməyi nəzərdə tuturlar, onların ana dilində olan televiziya ehtiyyaclarını qarşılamağa çalışırlar.
Əlbəttə ki, milli valyutanın kursunun stabilləşməsi və xarici valyutalara nisbətən optimistik ssenari üzrə möhkəmlənməsi ölkədə ödənişli televiziya sahəsində də canlanmaya səbəb ola bilər və mövcud tariflərin yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaqdır.