Bakı. Trend:
Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar şəhidlərinin anım mərasimi keçirilib.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, tədbir iştirakçıları BDU-nun həyətindəki Şəhidlər abidəsinin qarşısına gül qoyaraq, şəhidləri 1 dəqiqəlik sükutla yad ediblər.
Universitetin rektoru, akademik Abel Məhərrəmov 1990-cı ilin 20 Yanvar hadisələrinin tarixə ən amansız cinayətlərdən biri kimi düşdüyünü, keçmiş sovet imperiyasının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu və bu faciənin bəşər tarixində qara səhifə olaraq qalacağını bildirib.
20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu deyən rektor faciəyə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Rektor çıxışında qeyd edib ki, 20 Yanvar hadisələri zamanı Bakı Dövlət Universiteti də şəhidlər verib və hər il şəhidlərin əziz xatirəsini yad etmək üçün universitetin önündə ucaldılmış möhtəşəm abidə qarşısında anım mərasimi keçirilir.
Daha sonra çıxış edən professor İzzət Rüstəmov 20 Yanvarla bağlı fikirlərini iştirakçılarla bölüşüb.