Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğlu Füzuli İsgəndərovu qətlə yetirməkdə təqsirləndirilən mərhumun həyat yoldaşı Xalidə İsgəndərovanın cinayət işi üzrə məhkəmə prosesi yenidən başlayıb.
Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin yenidən anket məlumatları dəqiqləşdirilib. Bundan sonra təqsirləndirilən şəxs bütün məhkəmə heyətinə etirazla bağlı vəsatət verib. Hakim vəsatəti baxılmamış saxlayıb.
Daha sonra müdafiə tərəfinin verdiyi digər vəsatətlər təmin olunmayıb.
Məhkəmənin hazırlıq iclası fevralın 22-dək yenidən təxirə salınıb.
Xatırladaq ki, bu iş üzrə məhkəmənin hazırlıq iclası keçən il noyabrın 3-də keçirilmişdi. Hazırlıq iclasında təqsirləndirilən şəxsin vəkili cinayət işində kobud qanun pozuntuları olduğu üçün cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəmişdi. Məhkəmə vəsatəti təmin edərək işi ibtidai istintaqa qaytarmışdı.
Qeyd edək ki, məlum hadisə 2014-cü ilin sentyabrında törədilib. F.İsgəndərov evinin yanında, qarajının önündə 19 bıçaq zərbəsi ilə amansızlıqla qətlə yetirilib. Bakı şəhər prokurorluğu və Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən mərhumun həyat yoldaşı X.İsgəndərova şübhəli şəxs qismində saxlanılıb. Onu da qeyd edək ki, qətlə yetirilən F.İsgəndərov uzun illər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini olub. O, həmçinin Azərbaycanın sabiq maliyyə naziri Ə.Ələkbərovun xalası oğludur.