...

Hərbi hissələrə baxışlar keçirilib

Cəmiyyət Materials 24 Fevral 2016 18:16 (UTC +04:00)
Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin hərbi hissələrinə baxışlar keçirilib.
Hərbi hissələrə baxışlar keçirilib

Bakı. Trend:

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Komandanlığı və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Komandanlığı ilə razılaşdırdığı plan-cədvəllərə müvafiq olaraq, Ombudsman Aparatının əməkdaşlarının həmin qurumların səlahiyyətli nümayəndələri ilə birgə hərbi hissələrə başçəkmələri müntəzəm qaydada davam etdirilir.

Aparatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günlərdə Ombudsman Aparatının Hərbi qulluqçuların hüquqlarının müdafiəsi sektorunun müdiri Fəzail Həsənov və həmin sektorun baş məsləhətçisi Adil Hacıyev Hərbi Hava Qüvvələri (HHQ) Komandanının müavini polkovnik Elşad Pənahov və Müdafiə Nazirliyinin Şəxsi Heyətlə İş üzrə Baş İdarəsinin baş zabiti polkovnik-leytenant Emin Səfərovun iştirakı ilə Müdafiə Nazirliyinin HHQ-nin hərbi hissələrinə plan üzrə baxışlar keçiriblər.

Baxışların məqsədi hərbi qulluqçuların məişət şəraiti ilə tanış olmaq, onlarla rəftar və hərbi hissələrdə insan hüquqlarının müdafiəsi vəziyyətinin araşdırılması, mənəvi-döyüş ruhunun gücləndirilməsinə yönəlmiş maarifləndirmə işinin aparılması olub.

Aparatın əməkdaşları tərəfindən hərbi hissələrin bütün obyektlərinə, o cümlədən zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçuların məişət şəraitinə, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının yataqxanalarına, əsgər yeməkxanalarına, tibb məntəqələrinə baxış keçirilib.

Hərbi qulluqçulara yaradılmış şərait, onlarla rəftar, qida və müalicə işinin keyfiyyəti, şəxsi heyətlə ideoloji işdə Milli Qəhrəman Mübariz İbrahimova və Xocalı soyqırımına həsr edilmiş stendlərdən istifadə edilməsi müsbət qiymətləndirilib.

Xüsusi olaraq qeyd olunmalıdır ki, hərbi şəhərcikdə zabit, gizir və müddətdən artıq xidmətdə olan hərbi qulluqçular üçün hər birində 50 mənzil və hər mənzil 3 otaqdan ibarət olmaqla 2 beşmərtəbəli yaşayış binası tikilərək istifadəyə verilib, üçünçü eyni tipli binada isə tikinti işləri tamamlanmaq üzrədir. Hərbi şəhərcikdə həqiqi xidmətdə olan hərbi qulluqçuların uşaqları üçün 60 yerlik "Qaranquş" adlı müasir tipli uşaq bağçası və orta məktəb fəaliyyət göstərir.

Ombudsman Aparatının əməkdaşları müddətli və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə görüş keçirib, insan hüquqlarının qorunması, döyüş hazırlığında nizam-intizamın və hərbi biliklərin vacibliyi ilə əlaqədar apardıqları söhbətlər zamanı xalqımıza qarşı törədilmiş hərbi cinayətlər, o cümlədən Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı məlumat verilib, bu soyqırımı törətmiş erməni təcavüzkarlarının doğma torpaqlardan çıxarılmasına, vətənimizin ərazi bütövlüyünün bərpa edilməsinə daimi hazır olmalarının əhəmiyyəti xüsusi vurğulanıb.

Tədbirlərin keçirilməsi komandanlıq və şəxsi heyət tərəfindən razılıqla qarşılanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti