...

Dünyanın 13 məşhur universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur

Cəmiyyət Materials 4 Mart 2016 11:26 (UTC +04:00)
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Braziliya Federativ Respublikası Milli Konqresinin Federal Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüşüb.
Dünyanın 13 məşhur universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur

Bakı. Trend:

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev Braziliya Federativ Respublikası Milli Konqresinin Federal Senatının Elm, texnologiya, innovasiya, kommunikasiya və informatika komitəsinin sədri, Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke ilə görüşüb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə həmçinin, Braziliya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Santiaqo Alkazar, millət vəkili Asim Mollazadə, Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin böyük məsləhətçisi Lalə Çələbizadə, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru professor Azad Məmmədov, BBMM-in müşaviri Aytən Qəhrəman və Azərbaycanın Braziliyadakı səfirliyinin əməkdaşı İntiqam Hüseynov da iştirak edib.

Görüş zamanı K.Abdullayev Azərbaycanda həyat tərzi olan multikulturalizmin dövlət siyasətinin prioritet istiqaməti olduğunu və örnək model kimi Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi və rəhbərliyi ilə dünyaya ixrac edildiyini vurğulayıb.

Görüş zamanı professor A.Məmmədov qonaqlara Mərkəzin həyata keçirdiyi mühüm layihələr haqqında ətraflı məlumat verərək bildirib ki, hazırda Portuqaliyadan İndoneziyaya kimi dünyanın 13 məşhur universitetində "Azərbaycan multikulturalizmi" fənni tədris olunur.

Professor A.Qəhrəman bu yaxınlarda BBMM-in Almaniyanın Drezden və Portuqaliyanın Lissabon şəhərlərində filial və nümayəndəliklərinin açıldığını, bu il ərzində isə İtaliyada, İsveçdə, Rusiyada, Gürcüstanda, Belçikada və Qazaxıstanda da filial və nümayəndəliklərin açılacağını qonaqların diqqətinə çatdırıb.

Braziliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristovam Buarke çıxışında Azərbaycan multikulturalizminin bir model kimi böyük maraq doğurduğunu və Bakının sivilizasiyaların birləşdiyi bir məkana çevrildiyini bildirib.

Kristovam Buarke həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə əməkdaşlıq çərçivəsində "Azərbaycan multikulturalizmi" adlı fənnin Braziliyada da tədris olunmasının və Mərkəzin filialının Braziliyada da açılmasının əhəmiyyətini qeyd edib, atılacaq bu addımların xalqlarımızın bir-birinə daha da yaxınlaşmasında mühüm rol oynayacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti